Mingəçevir Dövlət Universitetində 2 fevral – Azərbaycan gəncləri gününə həsr edilmiş konfrans keçirilib
2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2 fevral – Azərbaycan gəncləri gününə həsr edilmiş “Gənclər cəmiyyətimizin bugünü və gələcəyidir” mövzusunda konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan rektor Şahin Bayramov, ilk növbədə, MDU-nun gənc tələbə və əməkdaşlarını 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyini bildirən rektor ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından, onların cəmiyyət həyatındakı fəal rollarından bəhs edib.
Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində əldə edilən tarixi Zəfərin hər birimizdə sonsuz fəxarət hissi yaratdığını bildirən Ş.Bayramov 44 günlük Vətən Müharibəsində həm ön cəbhədə döyüş meydanlarında, həm də arxa cəbhədə informasiya mübarizəsində gənclərimizin göstərdikləri fədakarlıq, vətənpərvərlik və qəhrəmanlıqdan danışıb. Gənclərin hərtərəfli inkişafında təhsilin əhəmiyyətini vurğulayan rektor ölkəmizdə ali təhsilin əlçatanlığı, universitetdə müasir dövrün tələblərinə cavab verən, vətəninə, xalqına və dövlətinə bağlı, milli-mənəvi dəyərlərə sadiq gənc kadrların hazırlanması məsələlərinə toxunub və gənclərin üzərinə düşən vəzifələrdən söhbət açıb.
MDU-nun “Fizika və ekologiya” kafedrasının müəllimi, YAP Mingəçevir şəhər təşkilatının Gənclər birliyinin sədr müavini Aytac Cavadova “Ümummilli lider və Azərbaycan gəncliyi” mövzusunda, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov “Gələcəyin etibarlı təminatı bilikli və bacarıqlı gənclərdir” mövzusunda, Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası” dövlət gənclər siyasətinin əsası kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən, müasir dövrdə ölkədə bilikli, bacarıqlı və vətənpərvər gənc nəslin yetişdirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən dövlət proqramları və inkişaf strategiyası çərçivəsində gənclərin həyat şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, məşğulluq və karyera inkişafı üçün yaradılan imkanlardan bəhs edilib.
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, yeni dövrün çağırışlarına adekvat olaraq universitetdə gənc əməkdaşların və tələbələrin təhsil, elm və digər sahələrdə hərtərəfli inkişafını dəstəkləyən layihələrin davamlı surətdə həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Şərhlər bağlıdır.