2021-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr edilən “İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri” mövzusunda keçirilən elmi-praktik vebinarda təmsil olunub.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və nümayəndə heyətinin qatıldığı vebinarda MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, Ekologiya kafedrasının akademik heyət üzvlərindən Pərvanə Səfərova, Vüqar Sarıyev, Leyla Əhmədova, Gülmirə Məmmədova və Aytac Cavafova iştirak ediblər.
Vebinarda “İşğaldan azad olunmuş ərazilərdə su problemlərinin həlli yolları”, “İşğaldan azad olunmuş torpaqlarda bitkilərin paramaqnit xassələrinin öyrənilməsi”, “İşğaldan azad olunmuş ərazilərdə su mənbələri və onların içməli su təchizatında rolu”, “Qarabağ torpaqlarında ekoloji terrorun fəsadları”, “Gənclərin ekoloji innovativ layihələrə cəlb edilməsi”, “İşğaldan azad olunmuş torpaqların biomüxtəlifliyi” mövzularında məruzələr dinlənilib.
Qeyd edilib ki, ölkə Prezidentinin müharibədən sonrakı bir il ərzində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə, Füzuli, Kəlbəcər və Laçın rayonlarına səfərləri, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun, həmçinin Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının, Horadiz-Ağbənd dəmiryol xəttinin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tunelin təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının, “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının tamamilə yenidən qurulması və digər irimiqyaslı işlər yeni iqtisadi inkişafın və böyük qayıdışın təminatıdır.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.
Şərhlər bağlıdır.