AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə iclas iştirakçılarını təbrik edib və işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edib.

Sonra, iclasın gündəliyinə uyğun olaraq, Ş.Bayramov 2020/2021-ci tədris ilinin tələbə qəbulu proqnozu haqqında məlumat verib, proqnozun hazırlanması zamanı cari tədris ili üçün tələbə qəbulunun faktiki göstəricilərinin və universitetin professor-müəllim heyətinin potensilalının nəzərə alındığını bildirib. Müzakirələrdən sonra MDU-nun növbəti tədris ili üçün tələbə qəbulu proqnozu qəbul edilib.

İclasda, “Doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti haqqında” və “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor gənc əməkdaşların dissertasiya işlərinin başa çatdırılması, müvafiq elmi şuralarda müdafiələrin sürətləndirilməsi, MDU-da tədris olunan fənlər üzrə proqramların və dərsliklərin hazırlanması işinin gücləndirilməsi, bu sahədə tərəfdaş universitetlərlə əməkdaşlığın genişləndirilməsinə dair müvafiq göstərişlər verib. Hər iki hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra, Ş.Bayramovun MDU-da ali təhsilin doktorantura səviyyəsi üzrə kadr hazırlığının təşkili haqqında məlumatı dinlənilib. İrəli sürülən təklif Azərbaycan Respublikası Prezidentinin Mingəçevir Dövlət Universitetinin yaradılması barədə 24 iyul 2015-ci il tarixli müvafiq Sərəncamı, MDU-nun akkreditasiyasının keçirilməsi məqsədilə yaradılmış Akkreditasiya Komissiyasının Yekun Hesabatındakı müvafiq tövsiyələri və universitetin elmi dərəcəli kadrlara olan yüksək təlabatının ödənilməsi zərurəti ilə əsaslandırılıb. Şura üzvləri və universitetin struktur bölmə rəhbərləri tərəfindən böyük sevinclə qarşılanan məsələ Elmi Şura tərəfindən bəyənilib, MDU-da doktoranturanın yaradılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında müvafiq vəsatətin qaldırılması qərara alınıb.

İclasda, məsafədən dərslərin təşkili, elektron tədris resurslarının tələbələrə çatdırılması, COVID-19 infeksiyası ilə mübarizə və hərbi vəziyyətlə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirləri barədə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Yekunda, iclas iştirakçıları universitetin “Mexanika” kafedrasının dosenti, birinci Qarabağ Müharibəsi iştirakçısı Şahsuvar Heydərovun vəfat etməsi ilə bağlı başsağlığı veriblər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close