Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilər və şəhər qonaqları 2026-cı ili hansı məkanlarda qarşılayacaq?

Restoranlar çox, qiymətlər müxtəlif... Bəs Mingəçevir sakinləri və şəhərin qonaqları yeni il gecəsini harada keçirməyə üstünlük verəcəklər?

2. 007

Son illərdə ölkənin bölgələrində də paytaxtda olduğu kimi Yeni il şənliklərinin evdə deyil, kafe və restoranlarda keçirilməsi tendensiyası güclənib. Mingəçevirlilər də bu ənənəyə qoşulur: əksəriyyət bayram gecəsini restoranlarda qeyd etmək niyyətindədir. Bu səbəbdən şəhərin tanınmış istirahət məkanlarında Yeni il hazırlıqları maraqla izlənilir.

“Çinar” restoranında canlı musiqi və şou proqramı nəzərdə tutulmur

Şəhərin populyar məkanlarından biri olan “Çinar” restoranı ənənəvi olaraq bayram süfrələrinə ev sahibliyi edir. Lakin bu il fərqli bir yanaşma seçilib: bayram gecəsi iri banket zalında deyil, fərdi kabinələrdə təşkil olunacaq. Restoran rəsmisi Azər Cəfərovun sözlərinə görə, canlı musiqi və şou proqramı nəzərdə tutulmur. Buraya ailəvi və ya kiçik dost qrupları ilə gələnlər sakit, dinc mühitdə bayram edə biləcəklər.

Qiymətlər də cəlbedicidir: keçən ilə nisbətən xeyli endirim var. Məsələn, ət kababının bir şişi əvvəlki 9-10 manat əvəzinə indi 8 manat, toyuq kababı isə 7 manatdan 5 manata düşüb. Üstəlik, uşaqlar üçün oyun zonaları da nəzərdə tutulub.

“Minqopark”ın icraçı-direktoru Namiq-Nəbiyev

Heydər Əliyev meydanına bitişik “Minqopark” istirahət mərkəzi isə mingəçevirlilərin ən çox axın etdiyi ünvanlardan biridir. Burada həm ümumi zalda canlı musiqili şənlik, həm də fərdi bayram süfrələri təşkil ediləcək.

İstirahət mərkəzinin rəsmisi Namiq Nəbiyev bildirib ki, bayram gecəsi qiymətlərdə heç bir artım olmayacaq – adi günlərdəki qiymətlər qüvvədə qalacaq. Böyük zalda canlı musiqi ilə əyləncəli proqram keçiriləcək, maraqlı viktorinalar təşkil olunacaq, uşaqlar üçün isə xüsusi bayram sürprizləri hazırlanacaq.

Rezervasiya üçün ilkin ödəniş tələb olunmur. Təxminən 4 nəfərlik qrup kabab, salat, içki, çay və digər təamlarla birlikdə cəmi 50-60 manat ödəyəcək (əlavə sifarişlərə görə qiymət dəyişə bilər). Məkanın üstünlüyü şəhərin ən zəngin əyləncə atraksionlarının burada yerləşməsidir – bu da xüsusilə uşaqlarla gələnlər üçün böyük avantajdır.

“Qədiroğlu-restoranı”nın icraçı direktoru Xalid-Hüseynov

Daha dəbdəbəli variant axtaranlar üçün isə Kür çayı sahilində, Sahil parkında yerləşən “Qədiroğlu” restoranı diqqət çəkir. Burada 5 müğənninin iştirakı ilə zəngin musiqili proqram nəzərdə tutulub.

Restoran rəsmisi Xalid Hüseynovun məlumatına görə, rezervasiyalar 2, 4 və 6 nəfərlik masalar üçün qəbul edilir və ilkin qiymətlər müvafiq olaraq 120, 240 və 360 manat təşkil edir. Menyuya daxil olmayan əlavə sifarişlər üçün əlavə ödəniş edilir. Fərdi kabinələrdə istirahət etmək istəyənlər üçün qiymətlər 300-500 manat arası dəyişir. Yer bron etmək üçün öncədən müəyyən məbləğdə ödəniş tələb olunur.

Məkanın çayın birbaşa sahilində yerləşməsi və gözəl panorama da qonaqları cəlb edən əsas amillərdəndir. Belə şərtlərə baxmayaraq, yeni il gecəsinə artıq kifayət qədər sifariş daxil olub.

Ümumilikdə Mingəçevirdə Yeni il gecəsini qeyd etmək üçün çoxsaylı seçimlər var – otellərdən tutmuş müxtəlif restoranlara qədər. Hər kəs öz büdcəsinə, zövqünə və ailə tərkibinə uyğun məkanı asanlıqla tapa bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.