Mingəçevirli könüllülər Beynəlxalq Könüllülər Gününü dolu-dolu yaşadılar
GİKM-in Mingəçevir nümayəndəliyi, "Mingəçevir Gənclər Evi" SXM və "İşıqlı Gələcək" GİB tərəfindən keçirilən fəaliyyətlərdə könüllülər həm əylənib, həm öyrəniblər
Beynəlxalq Könüllülər Gününə həsr olunan konsert proqramında könüllülərin möhtəşəm ifaları günə rəng qatıb! İstedadlı gənclərin ifasında canlı-canlı, bir-birindən gözəl musiqilər dinləyən izləyicilər ifalara qoşulub, rəqs edib.
Konsert proqramında çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Eşqin Məmmədov, GİKM-in Mingəçevir nümayəndəliyinin direktoru Vüsal Mahmudov və “İşıqlı Gələcək” GİB-in sədri Samrin Xanlayev bütün könüllüləri təbrik edib, hər sahədə əməyi əvəzsiz olan könüllülərə uğurlar arzulayıb. Daha sonra tamaşada iştirak edən könüllülər sertifikatla təltif olunub.
5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülər kuboku” intellektual yarışında qalib olmaq uğrunda mübarizə aparan komandalar ümumi dünyagörüşü, Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, könüllü fəaliyyəti ilə bağlı ünvanlanan sualları cavablandırıb. “Nə? Harada? Nə zaman?” formatında baş tutan yarışda “Panteon” komandası I, “Go” komandası II, “Che” komandası isə III yerin sahibi olub. Qalib komanda kubok, medal və hədiyyə ilə mükafatlandırılıb.
Gün ərzində əməkdaşların vəzifələrini yerinə yetirən könüllülər həm əylənib, həm yeni ideyalar üzərində işləyib, fikir mübadiləsi apararaq birlikdə daha yaxşı işləmək üçün yeni hədəflər müəyyənləşdiriblər.
Şərhlər bağlıdır.