Mingəçevirdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Şəhərdə park açılışı, ağacəkmə aksiyası, Şəhidlər xiyabanına ziyarət və teatr kompozisiyası ilə yadda qalan gün
8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir şəhərində bir sıra tədbirlər keçirilib. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan silsilə tədbirlər Azərbaycanın tarixi Qələbəsinin beşinci ildönümünə həsr olunub.
İlk olaraq şəhərin şərq girişində yerləşən Zəfər Parkında “Şəhidlər Unudulmur” abidə kompleksi ziyarət olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhid ailələri, qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri iştirak ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra parkda 200 ədəd şam ağacı əkilib, yaşıllıq zolağı salınıb.
Zəfər tədbiri Şəhidlər xiyabanında davam etdirilib. Burada şəhidlərin məzarları ziyarət olunub, dualar oxunub. İcra başçısı İlham İsmayılov şəhid ailələri və qazilərlə səmimi söhbətlər aparıb, onların qayğı və istəkləri ilə maraqlanıb.
Eyni zamanda, 8 Noyabr münasibətilə Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş parkın açılışı keçirilib. Energetiklər yaşayış massivində yerləşən parkda qəhrəmanın barelyefi qarşısına gül dəstələri düzülüb, yaşıllıq zonası salınıb və işıqlandırma sistemi qurulub. Tədbirdə çıxış edən İlham İsmayılov və şəhidin qardaşı Nofəl Qasımov qəhrəmanın igidliyindən və dövlətin şəhid ailələrinə göstərdiyi diqqətdən danışıblar.
Zəfər Gününə həsr olunmuş tədbirlərin yekunu Mingəçevir Dövlət Dram Teatrında keçirilib. Burada Cavid Təvəkkülün quruluşunda “Qələbə” adlı teatr kompozisiyası nümayiş olunub. Əsərdə 44 günlük Vətən müharibəsində xalq–ordu birliyinin gücü, əsgərlərin rəşadəti və Şuşa zəfəri səhnələşdirilib. Prezident İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixli xalqa müraciətinin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.