Mingəçevirdə Ümumdünya Statistika Günü qeyd olunub
Tədbirdə statistikanın əhəmiyyəti və inkişaf perspektivləri müzakirə olunub
Ümumdünya Statistika Günü münasibətilə Mingəçevir Şəhər Statistika İdarəsində tədbir keçirilib. Toplantıya idarənin rəisi Etibar Kərimovun rəhbərliyi ilə müxtəlif idarə və təşkilatların nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan Etibar Kərimov iştirakçıları bayram münasibətilə təbrik edib və Ümumdünya Statistika Gününün əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, 20 oktyabr tarixi BMT Baş Assambleyasının qərarı ilə Ümumdünya Statistika Günü elan olunub və bu gün hər beş ildən bir qeyd edilir. İlk dəfə bu gün 2010-cu ildə, daha sonra isə 2015-ci ildə qeyd olunub.
“Pandemiya səbəbindən növbəti tədbiri keçirə bilməmişdik. Bu gün isə həm statistikanın inkişafını, həm də bu sahədə çalışan insanların əməyini qeyd edirik. Azərbaycanda statistikanın təşkili 179 il, rəsmi statistikanın formalaşması isə 105 il öncəyə təsadüf edir”, – deyə Etibar Kərimov bildirib.
O, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Statistika haqqında” Qanunun imzalanmasının ölkəmizdə bu sahənin inkişafında mühüm rol oynadığını vurğulayıb: “Qanunda Avropa İqtisadi Komissiyasının prinsipləri nəzərə alınmaqla, dövlət reyestrlərinin yaradılması, təsnifatların beynəlxalq standartlara uyğunlaşdırılması və statistik müşahidələrin aparılması kimi vacib məsələlər əksini tapıb”.
Kərimov həmçinin qeyd edib ki, müstəqillik illərində Azərbaycanda statistika sisteminin təkmilləşdirilməsi istiqamətində beş dövlət proqramı uğurla icra edilib, altıncısı isə Prezident İlham Əliyevin 2018-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq olunaraq icra olunur. O, bu ilin sentyabrında Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin statistika rəhbərlərinin 73-cü iclasının və “Statistikanın inkişaf perspektivləri” mövzusunda 3-cü Beynəlxalq Forumun keçirildiyini də diqqətə çatdırıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və pronozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov çıxış edərək İcra Başçısı adından statistika işçilərini peşə bayramı münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
“Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev çıxışında statistik məlumatların planlaşdırma və proqnozlaşdırmada mühüm rol oynadığını vurğulayıb: “Dövlət Statistika Komitəsinin beynəlxalq tədbirlərində ölkəmizin fəal iştirakını görmək qürurvericidir. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün statistik göstəricilər həlledici əhəmiyyət daşıyır”.
O, həmçinin statistik hesabatların təqdimatında texnoloji yeniliklərin tətbiq edilməsini müsbət qiymətləndirərək qeyd edib ki, “asan imza” sistemi təhlükəsizlik baxımından vacib addımdır.
mi-news.az saytının redaktoru Yeganə Nəbiyeva isə çıxışında statistik məlumatların daha açıq və əlçatan olmasının vacibliyini bildirib: “Bəzən beynəlxalq mənbələrdə mövcud olan rəqəmlər bizim bazalarda əks olunmur. İstərdim ki, bu istiqamətdə şəffaflıq daha da güclənsin”.
Mingəçevir Resurs Mərkəzinin hüquqşünası İsmayıl İsmayılov, 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairələrinin nümayəndələri Əhmədov Elnur və Nəriman İsmayılov da çıxış edərək kollektivə təbriklərini çatdırıblar.
Tədbirin sonunda Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimov kollektivə bir daha təşəkkürünü bildirərək 13 əməkdaşa təşəkkürnamə təqdim edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.