Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Şahidlər” adlı tarixi-teatral kompozisiya nümayiş etdirilib

Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanan tamaşanı şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhid ailələri izləyiblər

417

Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Cavid Təvəkkülün, ikinci rejissor İbrahim Türksoyun, quruluşçu rəssam Pakizə Adilbəylinin və musiqi tərtibatçısı Gülcahan Yusifovanın yaradıcı heyəti tərəfindən hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya tamaşaçılara təqdim olunub.

Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhnələşdirilən tamaşa 20 Yanvar – Hüzn Günü və Qanlı Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilib. Səhnə əsərində Mingəçevir Dövlət Dram Teatrının aktyorları 1990-cı ilin 19–20 yanvar tarixlərində Bakıda baş verən qanlı hadisələri, həmin faciənin tarixi həqiqətlərini və Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda apardığı mübarizəni bədii ifadələrlə canlandırıblar.

Tamaşanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə, şəhər rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri izləyiblər.

Tamaşa boyunca şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib, Qanlı Yanvar hadisələrinin xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi yaşadığı xüsusi vurğulanıb. Səhnə işi şəhidlərimizin qanı bahasına yazılan bu tarixin milli azadlıq mübarizəmizin rəmzinə çevrildiyini tamaşaçılara bir daha xatırladıb.

Qeyd edək ki, “Şahidlər” adlı teatral kompozisiya 20 Yanvar faciəsinin ildönümü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdirilən silsilə tədbirlər çərçivəsində hazırlanıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.