Mingəçevirdə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib
Tədbirdə universitet–sənaye əməkdaşlığının yeni modeli və gənclərin məşğulluq imkanları müzakirə olunub
2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin birgə təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib.
Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub. Sammit “Arena Hotel Kür”də baş tutub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, “Zəfər sədası” uşaq xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni və MDU-nun himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin məqsədi və əhəmiyyəti
MDU-nun rektoru Anar Eminov sammiti açaraq qeyd edib ki, tədbirin əsas məqsədi regionlarda universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığı gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaqdır.
Rektor vurğulayıb ki, “Regiondan Qlobala” konsepsiyası əsasında keçirilən sammit Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi üçün mühüm addımdır. Onun sözlərinə görə, bu ilki sammitdə 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi və bir sıra universitet və innovasiya mərkəzləri iştirak edib.
Rəsmi çıxışlar
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında sammitin şəhərdə keçirilməsini yüksək qiymətləndirib və qeyd edib ki, bu təşəbbüs regionun iqtisadi inkişafı və gənclərin karyera imkanlarının genişlənməsi üçün mühüm platformadır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov ali təhsil müəssisələrinin sənaye ilə inteqrasiyasının vacibliyini vurğulayıb.
“HBN Group Academy”nin icraçı direktoru Tariyel Dövlətov, ATİB-in sədri Mürsəl Rüstəmov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə və ASK-ın baş katibi Ziya Hacılı da çıxışlarında sammitin dövlət və özəl sektor əməkdaşlığının güclənməsinə töhfə verdiyini bildiriblər.
“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov universitetlərlə şirkətlər arasında tərəfdaşlığın rəqəmsal bacarıqların və innovasiyanın inkişafında əhəmiyyətini qeyd ediblər.
Əməkdaşlıq memorandumları və karyera sərgisi
Sammit çərçivəsində MDU ilə Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ASK, Azərbaycan HR İnstitutu və Proqress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu razılaşmalar gələcəkdə birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin reallaşdırılmasını nəzərdə tutur.
Sammitdə həmçinin Dövlət Məşğulluq Agentliyi ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə 110-dan çox dövlət və özəl müəssisə öz vakansiyalarını təqdim edib, tələbə və məzunlarla fərdi görüşlər keçirilib.
Startaplar və ustad dərsləri
“UniStartup” müsabiqəsində 87 startap layihəsi nümayiş etdirilib. Layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib.
Sammitdə “Enem-AY Audit and Tax” MMC-nin təsisçisi İlkin Dövlətov, “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov, “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova və “Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova tərəfindən master-klass təqdimatları keçirilib.
Yekun
Tədbirin sonunda MDU-nun rektoru Anar Eminov sammitin təşkilində fəallıq göstərən şəxsləri təşəkkürnamələrlə təltif edib. Sammit “Zəfər sədası” uşaq xor qrupunun ifasında vətənpərvərlik ruhunda mahnılarla başa çatıb.
Tədbirdə Mingəçevir və ətraf regionlardan olan tələbələr, magistrantlar və gənc mütəxəssislər iştirak ediblər. Sammit çərçivəsində regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.