Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

Şəhidlərin xatirəsi yad olunub, vətənpərvərlik ruhunda çıxışlar səsləndirilib

43

16 fevral tarixində Mingəçevir şəhərində yerləşən Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 saylı məktəbdə “Qəhrəmanlar unudulmur” devizi altında anım tədbiri təşkil olunub. Tədbirin təşəbbüskarı gənc yazar, Mingəçevir Yazıçılar Birliyinin üzvü, şair Nərmin Əliyeva olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Zaur Museyibov şəhid ailələrini və qonaqları salamlayaraq belə görüşlərin şagirdlərdə vətənə sevgi və vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.                                                                                                                                       

Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov ailə adından tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Seymur Hidayətov torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıq göstərən şəhid və qazilərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıb. O, 25 iyun 2024-cü ildə Natiq Qasımova Milli Qəhrəman adının verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandana təşəkkürünü çatdırıb.

Şəhid Alim İbrahimovun qardaşı və şəhid Ruslan Cəfərlinin atası Nəcəf Cəfərli də çıxış edərək göstərilən diqqət və ehtirama görə təşkilatçılara təşəkkür ediblər.

Tədbirdə iştirak edən şair-publisist Məmməd Mərzili qarşıdan gələn 26 Fevral – Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, şəhidlərin məktəblərdə təbliğinin əhəmiyyətindən danışıb və Xocalıya həsr etdiyi şeirini səsləndirib.

“Kür” hazırlıq mərkəzinin direktoru Rübail Nəbiyev və tarix müəllimi Xəqani Qarayev də belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd edərək dəvətə görə təşəkkürlərini bildiriblər.

Bədii hissədə Nərmin Əliyevanın oğlu Həmzə Səyyar oğlu Ali Baş Komandana həsr olunmuş şeir söyləyib. Daha sonra Nərmin Əliyeva Milli Qəhrəman Natiq Qasımova ithaf etdiyi şeirini oxuyub.

Sonda məktəbin direktoru Zaur Museyibov qonaqlara təşəkkürünü bildirib və tədbiri bağlı elan edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.