Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional konfrans

Baş Prokurorluğun təşəbbüsü ilə keçirilən tədbirdə hüquqi dövlət prinsipləri və konstitusion dəyərlər müzakirə olundu

961

Respublika Baş Prokurorluğunun təşəbbüsü ilə Mingəçevirdə “Hüquqi dövlət və suverenlik: konstitusion yanaşma” mövzusunda regional konfrans təşkil olunub.

Mingəçevir Dram Teatrında keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində respublikanın müxtəlif bölgələrində reallaşdırılan silsilə tədbirlərin davamı kimi baş tutub. Bu məqsədlə dekabrın 23-də Mingəçevir şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə regional konfrans keçirilib.

Konfransda dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları, media təmsilçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, elmi və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Mingəçevir şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra konfransın rəsmi hissəsi başlayıb. Açılışdan əvvəl Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova konstitusion hüquqların qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolundan danışıb. O, hüquqi mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının və institusional islahatların əhəmiyyətini xüsusi vurğulayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında dövlət suverenliyinin gücləndirilməsində mərkəzi və yerli icra strukturları arasında koordinasiyalı fəaliyyətin vacibliyinə diqqət çəkib, regionlarda hüquqi maarifləndirmə tədbirlərinin davamlı xarakter daşıdığını qeyd edib.

Şəhər prokuroru Pərvin Quliyev prokurorluq orqanlarının Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunların düzgün tətbiqində və dövlət maraqlarının qorunmasında üzərinə düşən vəzifələrdən bəhs edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Azərbaycan Ordusunun dövlət suverenliyinin təmin edilməsindəki roluna, informasiya təhlükəsizliyi sahəsində görülən işlərə və dezinformasiyalara qarşı mübarizə mexanizmlərinə toxunub.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov insan hüquqlarının müdafiəsinin hüquqi dövlətin əsas sütunlarından biri olduğunu vurğulayıb, vətəndaş müraciətlərinin araşdırılması və hüquqi maarifləndirmənin əhəmiyyətini qeyd edib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ali təhsil müəssisələrinin gənclər arasında konstitusion dəyərlərin və hüquqi dövlət anlayışının təbliğində mühüm rol oynadığını bildirərək, hüquq sahəsində elmi-tədqiqatların və akademik–praktik əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Şəhid Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxışında dövlət suverenliyinin şəhidlərin canı və qanı bahasına təmin edildiyini vurğulayıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının bu dəyərlərin qorunmasına verilən önəmin bariz nümunəsi olduğunu bildirib.

Konfrans çərçivəsində dövlət qurumları, QHT-lər və media nümayəndələri arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, gənclərin hüquqi şüurunun artırılması və konstitusion dəyərlərin təbliği istiqamətində geniş müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb. Həmçinin prokurorluq orqanları ilə media arasında işgüzar əlaqələrin inkişafı, qanunvericiliyin tələblərinə əməl olunması və istintaq sirrinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir sonda xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.