Mingəçevirdə kommunal xidmətlər və abadlıq işləri müzakirə olundu
Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında 2024-cü il üzrə görülən işlərin vəziyyəti və mövcud problemlər diqqət mərkəzində olub
İclasda gündəlikdə duran məsələlər barədə məlumat verən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, toplantının gündəliyinə iki əsas məsələ daxil edilib. Bunlar əhaliyə göstərilən kommunal xidmətlərin mövcud vəziyyəti, eləcə də 2024-cü il üzrə şəhər ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin icra durumu ilə bağlı olub.
Birinci məsələ üzrə İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev məruzə ilə çıxış edərək Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, həmçinin Mənzil Kommunal Təsərrüfatı Kombinatının fəaliyyəti və əhaliyə göstərilən xidmətlərin səviyyəsi barədə ətraflı məlumat verib.
Gündəliyin ikinci məsələsi ilə bağlı şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Etibar Abdullayev 2024-cü il ərzində şəhərdə planlaşdırılan və icra olunan abadlıq, quruculuq və infrastruktur layihələrinin gedişi barədə Şura üzvlərini məlumatlandırıb.
Məruzələr ətrafında aparılan müzakirələr zamanı mövcud problemlər və onların həlli yolları diqqətə çatdırılıb. İclasın yekununda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib.
Sonda müzakirə olunan hər iki məsələ üzrə müvafiq qərar layihələri qəbul edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.