Mingəçevirdə Həmrəylik Günü və Yeni il coşqu ilə qeyd olundu
Bayram şənliyi Heydər Əliyev Meydanında keçirildi, şəhər rəhbərliyi və ictimaiyyət iştirak etdi
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mingəçevir şəhəri Heydər Əliyev meydanında bayram tədbiri keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər bələdiyyəsinin üzvləri, Mingəçevir Dövlət Universitetinin nümayəndələri və kollektivi, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı, idarə və müəssisələrin nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətinə toxunulub, bu günün milli birlik və həmrəyliyin rəmzi olduğu vurğulanıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan bu əlamətdar gün Azərbaycan xalqının gücünü və birliyini ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin də məhz bu həmrəyliyin nəticəsi olduğu qeyd olunub.
Bayram proqramında musiqi və rəqs nömrələri təqdim edilib, Yeni il ab-havasını əks etdirən səhnə çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şaxta baba və Qar qızının çıxışları, xüsusilə uşaqlar üçün təşkil olunan əyləncəli proqramlar tədbirə xüsusi rəng qatıb.
Bayram şənliyi səmimi təbriklər və xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.