Mingəçevirdə “Əl işində 44 Günün ruhu” adlı sərgi təşkil olunub
Tələbələrin əl işləri şəhidlərin xatirəsinə həsr olunub, sərgidən sonra şəhid ailələri ilə səmimi görüş keçirilib
2025-ci il oktyabrın 28-də Mingəçevir Turizm Kollecində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə hazırlanmış Tədbirlər planı çərçivəsində “Əl işində 44 Günün ruhu” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İş Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri, Mingəçevir Regional Turizm İdarəsinin rəisi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir Dövlət Universitetinin Sosial məsələlər üzrə rektor müşaviri, şəhər bələdiyyəsinin sədri, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “River Side” otelinin rəhbəri, Kür Olimpiya Tədris-İdman Mərkəzinin direktoru, “Job İn Global” MMC-nin təsisçisi, “Hitech İnvest” MMC-nin əməkdaşı və media nümayəndələri iştirak ediblər.
Sərgidən sonra şəhid ailələri ilə çay süfrəsi arxasında səmimi görüş keçirilib. Tələbələr bir ay ərzində 44 günlük Vətən müharibəsinin ruhunu əks etdirən rəsmlər üzərində çalışaraq əsərlərini tədbirdə sona çatdırıblar.
Sərgi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini yad etmək, onların ailələri ilə təmasda olmaq və bu qəhrəmanları gənclərə örnək kimi təqdim etməkdir. O, 44 günlük Vətən müharibəsində göstərilən şücaətdən danışıb, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb və tədbirdə iştirak edən qonaqlara təşəkkür edib.
Daha sonra çıxış edən Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, şəhid Elçin Həsənovun anası İnarə Həsənova, şəhid Fuad Xankişiyevin anası, rəssam Saqibət Xankişiyeva, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İş Şöbəsinin müdiri Sahib Əliyev, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov öz fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində tələbələrin son bir ay ərzində hazırladığı və 44 günlük Vətən müharibəsinin ruhunu əks etdirən rəsmlər nümayiş olunub. Fərqlənən tələbələr təşəkkürnamələrlə təltif olunub. Təltifləri tədbirdə iştirak edən qonaqlar təqdim ediblər.
Sonda tələbələr çəkdikləri rəsmləri şəhid ailələrinə hədiyyə ediblər. Tədbir şəhidlərin xatirəsinə hörmət və vətənpərvərlik ruhunun təbliği ilə yadda qalıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.