Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə əlilliyi olan şəxslər avtobusda çətinlik yaşayır

Avtobuslarda pandus və xüsusi təlimlər fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası üçün vacibdir

30

Fiziki məhdudiyyətli  Mingəçevir sakini Orxan 28 yaşındadır. Hər gün evdən çıxanda və ya avtobusdan istifadə etmək istəyəndə çətinlik çəkir və başqalarının köməyinə ehtiyac duyur. Orxan deyir: “Hər dəfə avtobusa minməyə çalışanda həyəcanlanıram. Bəzən insanlar mənə baxıb anlayırlar ki, yardım etmək lazımdır. Amma çox vaxt heç kəs yanaşmır. Əgər avtobuslarda panduslar olsaydı, kiminsə köməyi olmadan minə bilərdim”.

Son illərdə Bakıda ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilmiş avtobuslar və xüsusi dayanacaqlar yaradılıb. Bu dəyişikliklər əlilliyi olan şəxslərin cəmiyyətə daha rahat inteqrasiyasını təmin edir. Lakin Mingəçevirdə vəziyyət tam fərqlidir. Buradakı avtobuslarda əlilliyi olan şəxslər üçün şərait yoxdur. Çox vaxt görürük ki, əlilliyi olan şəxs insan ictimai həyatdan uzaq qalır və yalnız yaxınlarının yardımı ilə hərəkət edə bilir.

Mingəçevir Azərbaycanın böyük şəhərlərindən biridir və burada tələbələrin sayı çoxdur. Əlil arabası istifadəçiləri üçün nəqliyyat imkanlarının olmaması onların təhsildən, işdən və ictimai həyatdan kənarda qalmasına səbəb olur. Cəmiyyətə inteqrasiya yalnız sözlə yox, əməli işlərlə göstərilməlidir. Bu gün şəhərə gətiriləcək hər yeni avtobusa əlilliyi olanşəxsin minməsi üçün imkan olmalı və bununla bağlı avtobus sürücülərinə xüsusi təlimlər də  keçilməlidir.

Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu“Nəqliyyat haqqında” qanun ictimai nəqliyyatın əlilliyi olan şəxslər üçün əlçatan olmasını tələb edir. Bu qanunlar Mingəçevirdə də tələblərin yerinə yetirilməsini zəruri edir və ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün uyğun şəraitin yaradılması qanuni öhdəlikdir.

Unutmayaq ki, hər birimiz bu vəziyyətdə qala bilərik. Ona görə də şəhər nəqliyyatını bütün vətəndaşlar üçün əlçatan etmək həm qanuni, həm də vicdani borcumuzdur.  Orxan kimi insanların rahat həyatı və cəmiyyətə inteqrasiya üçün biz məsuliyyətimizi unutmamalıyıq.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.