Mingəçevir şəhər idman və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış məşqçi-müəllim, idman ustası Smirnov Aleksandr Anatolyeviç 2025-ci il fefralın 28-də, ömrünün 66-cı baharında vəfat etmişdir.
Aleksandr Smirnov 31 may 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əvvəlcə 6 saylı, sonra isə 13 saylı orta məktəblərdə təhsil almışdır. 1976-cı ildə Azərbaycan Bədən tərbiyəsi və idman İnstitutuna qəbul olmuş, 1980-ci ildə məşqçi-müəllim kimi oranı bitirmişdir.
Aleksandr Smirnov 1980-ci ildən Mingəçevir şəhər İdman İnternat məktəbində, sonra Akademik Avarçəkmə bazasında məşqçi-müəllim işləmişdir. Onlarla peşəkar idmançı yetişdirmişdir.
Bir çox medal, Fəxri fərman və mükafatlarla təltif edilib.
1984-cü ildə tanınmış üzgüçülük üzrə məşqçı-müəllim, idman ustası İrina Smirnova ilə ailə həyatı qurub.
Mingəçevir Akademik Avarçəkmə bazası fəaliyyətini dayandırdıqdan sonra Aleksandr Smirnov 1987-90-cı illərdə Toxuculuq kombinatında bədən tərbiyəsi və idman işləri üzrə təlimatçı vəzifəsində çalışmışdır. Azərbaycan DRES-də tüstü-qaz borularının tikintisində, sonra isə Mingəçevir Bələdiyyəsində fəhlə kimi işləyib.
Sonradan Aleksandr Smirnov yenidən pedaqoji sıralara qayıdıb. R.Qəhrəmanov ad. 14 saylı məktəbdə, saathesabı qaydada isə 10 və 18 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib.
Aleksandr Smirnov dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsində, gənclərin sağlam böyüməsində, idmanın inkişafında, kütləviliyinin artırılmasında, Mingəçevirdə respublika və beynəlxalq yarışların təşkilində, peşəkar idmançılarımızın mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsində unudulmaz xidmətlər göstərmişdir.
Alicənab, səmimi və xeyirxah insan, gənclərin və idmançıların dostu Aleksandr Smirnovun vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, dostlarına və onu sevənlərə dərin hüznlə başsağlığı veririk.
Ömrünün sonunadək Azərbaycanın milli maraqlarını rəhbər tutan, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, nəcib və vətənpərvər şəxsiyyət Aleksandr Smirnovun əziz xatirəsi Mingəçevirlilərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.