Mingəçevir MDB Oyunlarına hazırlaşır – Su təminatı gücləndirilir
Yarışlar zamanı fasiləsiz xidmət üçün infrastruktur yoxlanılıb
Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərinin su təchizatı sisteminə geniş baxış keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, komissiya üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə aparılan yoxlama zamanı şəhərin içməli su və kanalizasiya şəbəkələri, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin vəziyyəti qiymətləndirilib.
Əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların durumu araşdırılıb. Komissiya sədri Cavid İsmayılzadə əhaliyə, yarış iştirakçılarına və qonaqlara fasiləsiz, keyfiyyətli su təminatının vacibliyini vurğulayaraq əməkdaşlara xüsusi tapşırıqlar verib. Bildirilib ki, oyunların keçirildiyi günlərdə sukanal idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Daha sonra komissiya Mingəçevir Sutəmizləyici Qurğular Kompleksində mövcud vəziyyətlə tanış olub. Yarış günlərində hər hansı nasazlığın qarşısını almaq üçün ehtiyat generatorlar, nasos sistemləri və digər avadanlıqlarla bağlı qabaqlayıcı tədbirlər müəyyənləşdirilib.
Eyni zamanda “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sistemi də yoxlanılıb. Burada daxili şəbəkələr, su anbarları, nasos və sanitar texniki qurğular nəzərdən keçirilib. Yarış və təlim zonalarında tullantı sularının idarə olunması sistemi də ayrıca qiymətləndirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.