Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib
6 mat 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib. Tədbir çərçivəsində sektorun müdir əvəzi Əli Cəfərov ilə bir araya gəlinib və MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun salamları şagirdlərə çatdırılıb.
Görüşlərdə məqsəd MDU haqqında geniş məlumat verərək, məktəbliləri universitetdə təhsil almaq imkanları barədə məlumatlandırmaq olub. İlk görüş Goranboy rayonu Asim Məmmədov adına 3 №-li məktəbdə təşkil olunub. Məktəbin direktoru Kifayət Rzayeva tərəfindən qarşılanan qonaqlar, məktəbin 10 və 11-ci sinif şagirdləri ilə görüşüb. MDU haqqında təqdimat və videoçarx nümayişindən sonra universitetin vizyonu, məqsədi və tələbə həyatı barədə ətraflı məlumat verilib. Tədbir sonunda broşürlər paylanaraq, şagirdlərin sualları cavablandırılıb.
Növbəti görüş Goranboy rayonunun 1 №-li tam orta məktəbində baş tutub. Məktəbin direktoru Gülxanım Abdullayeva təbliğat qrupunu qarşılayıb. MDU-nun Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov məktəbin rəhbərliyi ilə sınaq imtahanı keçirilməsi imkanlarını müzakirə edib. Görüş zamanı universitetin təklif etdiyi ixtisaslar, tələbələrə göstərilən diqqət və qayğı haqqında məlumatlar verilib. Əlavə olaraq, şagirdlərin gələcək seçimləri barədə məsləhətlər paylaşılıb.
Hər iki məktəbdə keçirilən tədbirlər nəticəsində şagirdlərə universitet haqqında məlumatlar verilib və onların təhsil seçimi ilə bağlı sualları cavablandırılıb. Tədbirlər MDU ilə məktəblər arasında daha sıx əlaqələrin qurulmasına və şagirdlərin gələcək təhsil seçimlərinə müsbət təsir göstərilməsinə yönəldilmişdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.