Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
2024-cü il aprelin 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “Təhsil fakültəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş)” və “Dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında” hesabatlar dinlənilib. Hər iki hesabat aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla qəbul olunub.
Sonra, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nın strateji məqsəd və hədəflərinə uyğun olaraq universitetdə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə struktur dəyişiklikləri aparılaraq MDU-da Keyfiyyət təminatı və davamlı inkişaf, Tələbələrlə iş və tədbirlərin təşkili şöbələri, Təcrübə və karyera inkişafı mərkəzi yaradılması və Tədris şöbəsinin yenidən təşkil edilməsi barədə Şura tərəfindən qərar qəbul edilib.
Daha sonra, “Mingəçevir Dövlət Universitetində Müəllimlərin Etik Davranış Qaydaları” və “Mingəçevir Dövlət Universitetində Təhsilalanların Universitetdaxili Nizam-intizam Qaydaları” müzakirə edilib və hər iki qayda qəbul olunub.
Elmi Şura iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Şərhlər bağlıdır.