Mingəçevir Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “COP29 və iqlim dəyişiklikləri haqqında bildiklərimiz” adlı intellektual yarış keçirilib
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində “COP29 və iqlim dəyişiklikləri haqqında bildiklərimiz” adlı intellektual yarış təşkil olunub.
Yarışın açılışında universitetin rektoru vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov, iqlim dəyişikliyi ilə mübarizənin gənclər üçün vacibliyini vurğulayıb, tədbirin bu sahədəki maarifləndirmə işlərinə mühüm töhfə verəcəyini qeyd edərək, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq aləmə verdiyi töhfələri xatırladıb. Ü.Zeynalov iştirakçıları ekoloji maarifləndirməyə çağıraraq, iqlim dəyişikliyinin müasir cəmiyyətin qarşısında durduğunu, bununla mübarizə aparmağın isə hər bir vətəndaşın borcu olduğunu qeyd edib.
Moderator Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tədbirin mahiyyətini, yarışın gedişatında iştirakçılara, yarışın qaydalarına dair ətraflı məlumat verib, “COP29” adlı videoçarx təqdim edildikdən sonra yarışa start verilib. Yarışa altı komanda qatılıb. Komandalar arasında Ekologiya, Ekologiya mühəndisliyi, Fizika müəllimliyi, Kimya müəllimliyi, Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisaslarının tələbələri yer alıb. Yarış iki mərhələdə keçirilib. İlk mərhələdə, iki komanda 15 sual üzərində mübarizə aparıb, qalib gələn üç komanda isə finalda bir-biri ilə mübarizə aparmaq imkanı qazanıb. Sonda ən çox düzgün cavab verən komanda qalib gəlib.
“COP29 və iqlim dəyişiklikləri haqqında bildiklərimiz” intellektual yarışı, yalnız bir yarış deyil, eyni zamanda gənclərin ekoloji problemlərlə bağlı biliklərini artırmaq və onları həll yolları tapmağa təşviq etmək üçün əhəmiyyətli bir platforma olub. Bu cür tədbirlər, gələcək nəsillərin ekoloji mühitin qorunması istiqamətində daha məsuliyyətli və aktiv olmalarına dəstək məqsədi daşıyır. Tədbir tələbələrin hazırladıqları ədəbi- bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, Yarış, Elm və Təhsil Nazirliyinin 2024-cü ilin aprel ayında təsdiq etdiyi tədbirlər planı çərçivəsində, Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə həyata keçirilib. Bu çərçivədə, “COP29” ilə bağlı posterlərin hazırlanması, ağacəkmə kampaniyaları, dəyirmi masalar və seminarlar təşkil edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.