Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti – 2024” təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti – 2024” təlim proqramına start verilib. Artıq ənənə halını almış təlim proqramında Mingəçevir şəhəri və ətraf rayonlardan olan 70-dən çox şəxs iştirak üçün haqq qazanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov “Tyutor xidməti” proqramına maraq göstərən iştirakçılara təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.

Təlim proqramının ilk günündə birinci Ü.Zeynalov “Baloniya prosesi haqqında ümumi məlumat”, “Tədrisin təşkili və idarə olunması”, həmçinin “LMS (Learning Management System)” mövzularında təqdimatla çıxış edib. Daha sonra, MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” haqqında əsas anlayışlar və təqaüdə təyinetmə mövzusunda geniş məlumat verib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Təlim proqramının növbəti günlərində MDU-nun peşəkar komandası tərəfindən “Akademik məsləhətçi (Tyutor) xidməti”, “Tələbənin fərdi tədris planının tərtibi (praktik hissə)”, “Tələbənin hüquq və vəzifələri”, “Yay semestrinin təşkili (praktiki hissə)”, “Tələbə və müəllim mobilliyi”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu” və “Təqdimat bacarıqları” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimə göstərilən maraq və qoşulanların çox olması səbəbindən proqram 3 qrup şəklində keçiriləcək. Təlimlərin sonunda monitorinq və qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, iştirakçılar arasında əsasən yeni məzunlar olmaqla, müxtəlif ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil alanlar və hazırda işləyənlər üstünlük təşkil edir.

MDU-da “Tyutor xidməti” təlim proqramı hər tədris ilinin başında bir dəfə olmaqla keçirilir.

 

 

 

 

Şərhlər bağlıdır.