Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev 29 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində keçirilən tədbirin qonağı olub.
“Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti qəbul edib tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.
Müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən Şahin Bayramov dövlət başçısının müvafiq Fərmanı ilə yaradılan 4SİM-in bu sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində kadr hazırlığının və tədqiqatların həyata keçirilməsinin universitetin prioritetləri sırasında yer aldığını vurğulayan rektor 4SİM-in rəhbəri ilə görüşün tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.
Universitetin professor-müəllim, tələbə və məzun heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edən 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev son dövrdə universitetin müasirləşməsi və günün tələblərinə uyğun kadr hazırlığı istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edib, “Peşəkarla görüş” layihəsini bu baxımdan faydalı platforma kimi dəyərləndirib.
Dünya ÜDM-də rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin təqribən 15 faiz təşkil etdiyini diqqətə çatdıran Tamerlan Tağıyev Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində başlıca prioritetlər və 4SİM-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Tağıyev bu sahədə müvafiq infrastrukturun və maliyyə resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının önəmini vurğulayıb.
Gələcək hədəflərlə bağlı fikirlərini bölüşən Tağıyev rəqəmsal iqtisadiyyatın inkişafı və sənayenin rəqəmsallaşdırılması, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq strategiyaların hazırlanması üzrə işlərin davam etdiyini qeyd edib və bu istiqamətdə dövlət, özəl, elm və təhsil, vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Tədbirdə Mərkəzin Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman Hüseynov smart sənayenin qurulması məsələləri və onun üstünlükləri barədə məlumat verib.
Sonra görüş iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə davam edib.
Şərhlər bağlıdır.