Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Gənclər Evinin fəaliyyət planının təqdimatı keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və Karyera İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evinin Sosial Xidmət Müəssisəsi əməkdaşlarının iştirakı ilə tələbələr üçün geniş təqdimat keçirilib. Təqdimat zamanı Gənclər Evinin fəaliyyət planı və tələbələrə təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verilib.
Tədbiri açıq elan edən Mərkəzin şöbə müdiri Nuran Cəfərov, universitetə yeni qəbul olunmuş tələbələrin Mingəçevir Gənclər Evinin dəstək mexanizmlərindən maksimum yararlanmalarını tövsiyə edib. N. Cəfərov tələbələrin sosial fəaliyyətlərdə fəal iştirakının onların gələcək karyeralarının formalaşmasına müsbət təsir edəcəyini vurğulayıb. Nuran Cəfərov tələbələrə Gənclər Evinin təklif etdiyi geniş imkanlardan yararlanmağın əhəmiyyətini çatdırıb.
Daha sonra Mingəçevir Gənclər Evinin direktor müavini Eşqin Bağırov və Dərnək Rəhbəri Humay Baxışova, həmçinin psixoloq Aynaz Quliyeva çıxış edərək, Gənclər Evinin struktur bölmələri haqqında geniş məlumat veriblər. Onlar gənclərin fərdi inkişafı üçün fəaliyyət göstərən dərnəklər, kurslar və sosial proqramların təqdim etdiyi imkanlardan söz açaraq, tələbələri bu proqramlara qoşulmağa və aktiv iştirakçı olmağa dəvət ediblər.
Sonda tələbələrlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və tələbələrə gələcək karyeralarını dəstəkləyəcək sosial layihələr və imkanlarla bağlı geniş məlumat verilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.