2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət növbəti “Poster Sessiyası” təşkil edilib.
Əsas məqsədi magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarət olan “Poster Sessiyası”nda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunlarının hazırladıqları posterlərlə tanış olub və məmnunluğunu ifadə edib. “Poster Sessiyası”nın MDU həyatında yeni və önəmli hadisə olduğunu diqqətə çatdıran rektor tədbirin ənənəvi olaraq hər il davam etdiriləcəyini vurğulayıb.
Bildirilib ki, MDU-da magistratura səviyyəsində tədrisin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, magistrantların tədqiqat bacarıqlarının artırılması və doktorantura səviyyəsində ali təhsiln əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Magistrantlar yaradılan imkanlara və göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da “Poster Sessiyası” cari tədris ilindən etibarən keçirilir. Universitetdə ilk sessiya iyunun 28-də Azərbaycan Respublikası təhsil nazirinin iştirakı ilə keçirilib.
Şərhlər bağlıdır.