Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimlər başa çatıb.
2022-ci ilin 8, 15 və 24 aprel tarixlərində MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan təlimlərdə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik”, İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova “Sosial şəbəkələrin təhlükəsizliyi” və Mingəçevir Tekstil MMC-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yasin Quliyev “İnternet, mobil təhlükəsizlik” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların və təhsilverənlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şərhlər bağlıdır.