21 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Energetiklər gününə həsr olunmuş, “Azərbaycan energetikasının dayanıqlı inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda universitetin akademik heyəti, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, “Azərbaycan İES” MMC-nin əməkdaşları ilə yanaşı, şəhərin media nümayəndələri də iştirak edib.
Tədbir əvvəlcə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib. Tədbirin moderatoru MDU-nun Energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova, konfransın mahiyyətindən və ölkənin enerji sektorunda dayanıqlı inkişaf strategiyasının vacibliyindən danışıb.
Konfransın rəsmi hissəsi MDU-nun rektor v.m.i.e., tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun açılış nitqi ilə başlayıb. O, çıxışında Azərbaycanın energetika sahəsinin inkişaf yoluna diqqət çəkərək, bu sahədə aparılan islahatları və Mingəçevirin ölkə energetikasında oynadığı mühüm rolu vurğulayıb. Ü.Zeynalov bildirib ki, Mingəçevir enerji mərkəzi olaraq, Azərbaycanın iqtisadi dayanıqlığına töhfə verməkdə davam edir. O, eyni zamanda, Mingəçevir Dövlət Universitetinin enerji sahəsində ixtisaslı kadrların hazırlanmasında və tədqiqatların aparılmasında əhəmiyyətli rolunu qeyd edib: “Universitetimizin bu sahədə fəaliyyət göstərən mütəxəssisləri həm ölkədaxili, həm də beynəlxalq səviyyədə energetikanın inkişafına mühüm töhfələr verməkdədir. Bu konfrans isə Azərbaycan energetikasının yeni çağırışlarını müzakirə etmək üçün mükəmməl platformadır”.
“Azərbaycan İES” MMC-nin direktoru, tex.f.d., dosent Təhmasib Hüseynov, Energetiklər günü ilə bağlı MDU-da keçirilən sil-silə tədbirlərdən bəhs edib. Universitetin Energetiklər gününü diqqətdə saxlamasını yüksək dəyərləndirən T.Hüseynov rəhbərliyə və müəllim kollektivinə minnətdarlığını ifadə edib. Ölkədə enerji təhlükəsizliyinin təmin olunmasında görülən işlərdən və gələcək planlardan bəhs edən T.Hüseynov, həmçinin, Mingəçevirin strateji enerji mərkəzi olaraq Azərbaycan energetikasına verdiyi böyük töhfələrə toxunaraq bildirib: “Azərbaycanın energetika sektorunda Mingəçevir mühüm rol oynayır və bu şəhər Azərbaycanın elektrik enerjisi təminatının əsas dayağıdır. Hazırda ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və dayanıqlı inkişafında Mingəçevir əhəmiyyətli mövqeyi ilə seçilir.”
Sonra MDU-nun Energetika kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır”, “Azərbaycan İES” MMC-nin Xüsusi işlər üzrə aparıcı mütəxəssisi Emin Paşayev “Azərbaycan energetikasında Mingəçevirin rolu, MDU-nun Energetika kafedrasının müəllimi Əbülfət Ədilov “Energetika ən şərəfli peşə sahələrindən biridir”, MDU-nun Energetika kafedrasının müəllimi Elsevər Cəfərli “Alternativ enerji resursları ilə ənənəvi enerji mənbələrinin birgə işinin təşkili” mövzuları üzrə məruzələr dinlənilib.
Konfransın sonunda Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” MMC arasında “Fəaliyyət planının” imzalanma mərasimi keçirilib. Bu əməkdaşlıq Mingəçevirin enerji sektorunun inkişafına yeni təkan verməyi və universitetin əmək bazarına təcrübəli kadr yetişdirəsini hədəfləyir. Konfrans ağacəkmə mərasimi ilə yekunlaşıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.