2022-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Əvvəlcə, iclasda “MDU-nun Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlığı haqqında”, “Doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti haqqında”, “Dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor müvafiq tapşırıq və tövsiyələrini verib, hər üç hesabat qəbul olunub.
Sonra, “MDU əməkdaşlarının elmi fəaliyyətə görə mükafatlandırılması qaydaları” Elmi Şuranın müzakirəsinə çıxarılıb və təsdiq edilib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda MDU-nun “SOCAR Midstream” və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yeni qurulan əməkdaşlıq əlaqələri barədə məlumat verilib, işbirliyinin yaratdığı imkanlardan səmərəli və maksimum faydalanmaq məqsədilə aidiyyəti struktur bölmələrə müvafiq təkliflər hazırlaması tapşırılıb.
İclasda MDU-nun könüllü gənclərinin yerli icra hakimiyyəti orqanının fəaliyyətinə göstərdikləri dəstəyə görə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən universitetə ünvanlanan təşəkkür məktubu diqqətə çatdırılıb. Gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi, onların hərtərəfli inkişafı baxımından MDU tələbələrinin çoxşaxəli könüllülük fəaliyyətləri müsbət dəyərləndirilib.
İclas universitetdə tədrisin idarə edilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində bir sıra məsələlərin müzakirəsi ilə başa çatıb.
Şərhlər bağlıdır.