Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin rəqəmsallaşdırılmasına yönəlmiş hədəfə çatmaq üçün universitet rəhbərliyinin yüksək qayğısı və diqqəti nəticəsində İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə əməkdaşlar və tələbələr üçün Digital Marketinq təliminə start verilib. Təlim Beynəlxalq sertifikatlı mütəxəssis Nicat Əliyev tərəfindən onlayn formatda Google Meet platforması üzərindən keçirilir.
Təlim proqramı rəqəmsal marketinq sahəsində peşəkar bacarıq və səriştələrin inkişafına yönəlib ki, bu da həm əməkdaşlara, həm də tələbələrə onlayn təşviqat üçün müasir alət və yanaşmaları daha yaxşı başa düşməyə imkan verəcək. Kurs SEO optimallaşdırılması, kontekstli reklam, sosial şəbəkələrlə işləmə, veb analitika, e-poçt marketinqi və məzmun strategiyalarının yaradılması kimi mövzuları əhatə edir. Təlimdə iştirak edən tələbələr və əməkdaşlar artıq bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edərək, kurs zamanı əldə etdikləri bacarıqların onlara təkcə peşəkar fəaliyyətlərində deyil, həm də şəxsi layihələrdə faydalı olacağını vurğulayıblar. Universitet rəhbərliyinin səyləri və tədrisə müasir yanaşma sayəsində Mingəçevir Dövlət Universiteti innovasiyaları fəal şəkildə tətbiq edən və rəqəmsal texnologiyaların inkişafına dəstək verən təhsil müəssisəsi kimi mövqeyini möhkəmləndirir.
“Rəqəmsal marketinq üzrə təlim bizim üçün yeni üfüqlər açır, biz əmək bazarında daha rəqabətədavamlı oluruq, həmçinin biznes və təhsil fəaliyyətlərində hədəflərə çatmaq üçün rəqəmsal resurslardan düzgün istifadə etməyi öyrənirik”, – deyə tələbələrdən biri öz təəssüratlarını bölüşüb. Kursu bitirdikdən sonra iştirakçılar yeni bilik və bacarıqlarını təsdiq edən sertifikatlar alacaqlar. Beynəlxalq mütəxəssis tərəfindən verilən bu sertifikatlar hər bir iştirakçının peşəkar portfelinə mühüm əlavə olmaqla, karyera yüksəlişi üçün yeni imkanlar açacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.