Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində daha bir açıq dərs

2024-cü il 26 noyabr tarixində Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında “Maliyyə bazarları” fənnindən açıq dərs keçirilmişdir. Fənni tədris edən kafedranın müəllimi Aytən Nadirova Maliyyə ixtisası üzrə təhsil alan III kurs M22 saylı qrupun tələbələrinə “Birja və birjadan kənar fond bazarı” mövzusu üzərindən məşğələnin təşkil edildiyini qeyd etdi. Aytən Nadirova bildirdi ki, Maliyyə bazarının formalaşması iqtisadi və hüquqi islahatların aparılması və bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yığım və investisiyanın müxtəlif şəxslər tərəfindən həyata keçirildiyi bir dövrdə yığımların investisiyaya çevrilməsini təmin edən mexanizmin yaranması aktual məsələyə çevrilir. Maliyyə bazarı və onun tərkibi elementləri bu mexanizm vəzifəsini yerinə yetirməklə iqtisadi fəaliyyətin subyektləri arasında kapital resurslarının effektiv şəkildə yenidən bölüşdürülməsini təmin edir. Aytən Nadirova qeyd etdi ki, hazırki islahatların aparıldığı şəraitdə maliyyə bazarının bütün seqmentlərinin inkişafı və təkmilləşdirilməsi məsələsi mühüm yer tutur. Bu da maliyyə bazarının bank sistemi ilə paralel olaraq iqtisadiyyatda pul axınlarının ötürücüsü kimi real sektorun canlanmasında əhəmiyyətli rol oynamasından irəli gəlir. Müəllimin məlumatına görə xüsusilə də Azərbaycanda neft sektorunda cəmləşmiş gəlirlərin digər sektorlara istiqamətləndirilməsi probleminin mövcudluğu ölkəmizin maliyyə bazarının inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin yaradır. Maliyyə bazarının müvəffəqiyyətlə formalaşması isə iqtisadi və hüquqi islahatların aparılması yolu ilə bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yaradılan bazar infrastrukturunun ən vacib seqmentlərindən biri qiymətli kağızlar bazarıdır. Qiymətli kağızlar bazarı iqtisadiyyatın maliyyələşdirilməsinin dövlət büdcəsi və bank sistemi ilə yanaşı ən mühüm variantlarındandır. Bu bazar kapitalın səfərbər edilməsini həvəsləndirməklə maliyyə resurslarının iqtisadiyyatın müxtəlif sahələri və sferaları arasında, perspektivli və rentabelli şəkildə, dinamik inkişaf edən istehsalların xeyrinə yenidən bölgüsünü təmin edir.

Daha sonra Aytən Nadirova qeyd etdi ki, müasir dövrdə qiymətli kağızlar bazarının iqtisadiyyat üçün bu qədər əhmiyyətli olmasına və dövlətin bu barədə irimiqyaslı islahatlar aparmasına baxmayaraq, ölkəmizdə bu barədə hələ də informasiya qıtlığı mövcuddur. Bunları nəzərə alaraq buraxılış işinin yazılmasında əsas məqsəd bu sahənin mahiyyəti və əsas cəhətlərinin öyrənilməsi və təhlil olunması, onun inkişaf istiqamətlərinin müəyyən edilməsi və respublikamızda qiymətli kağızlar bazarının formalaşması xüsusiyyətlərinin tədqiqi, inkişafı problemləri, iqtisadiyyatda rolunun açıqlamasından ibarət olduğu haqda tələbələrə geniş izahat verdi.

Təqdim olunan mövzunun ən aktual problemlərinin araşdırılması fənn müəllimi Aytən Nadirova tərəfindən verilmiş fərdi tapşırıqlar əsasında və bütün tələbələrə subyektiv yanaşaraq ünvanlanan suallara görə cavabların qeydiyyatı aparıldı. Verilən cavablara görə tələbələrin biliyinin qiymətləndirilməsi aparıldı.

Qeyd edək ki, açıq dərsdə fakltə dekanı əvəzi, dosent Nüşabə Qədimli, kafedra müdiri əvəzi b/m. Arif Tağıyev, dekan müavini b/m. Nazim Niftəliyev, kafedranın müəllimləri i.f.d., baş müəllim Məlahət Rəhimova və müəllim Səadət Əliyeva iştirak etmişlər. Kafedrada açıq dərslər mütəmadi olaraq plan üzrə nəzərdə tutulan müddətdə həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.