26 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Şərəf və Zəfər tarixi – 27 sentyabr” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlarının iştirak etdiyi tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş nitqi ilə çıxış edərək, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb. Bildirib ki, 2020-ci ildə başlanan və Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinin ilk gününü əbədiləşdirmək məqsədilə hər il 27 sentyabr tarixi ölkəmizdə “Anım Günü” kimi qeyd olunur.
Tədbirdə iştirak edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev dəyirmi masanın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu əlamətdar günün yüksək səviyyədə təşkil edilməsi şəhidlərimizin qəhrəmanlıq dastanını yaşatmaq, onların xatirəsini anmaq və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlığı yenidən xatırlatmaq üçün böyük əhəmiyyət daşıyır. Belə ki, “Anım Günü” təkcə keçmişə hörmət və şəhidlərin xatirəsini yad etməklə məhdudlaşmır, eyni zamanda gələcək nəsillərə də önəmli mesajlar ötürür.
Ardınca Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra konfransın proqramına uyğun olaraq MDU tələbələrinin məruzələri dinlənilib. Sədiqə Sadıqova “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, Vəfa Məmmədova “27 sentyabr Azərbaycan xalqının zəfər tarixidir!”, Sübhanə Abuşova “Böyük Qələbəyə qanları ilə imza atan şəhidlər və qazilər müqəddəs and yerimizdir”, Günay Hacıyeva “Müqəddəs ziyarətgahımız Mingəçevir Şəhidlər Xiyabanı”, Fatimə Əliyeva “Mingəçevir Dövlət Universitetinin şəhid məzunları”, Aytən Mirzəliyeva “Eyni gündə şəhadət şərbətini içən qardaşlar: Əli və İslam Əhmədovlar”, Aysel İsmayılova “Ömrü dastana dönən Musa və Tural Həsənovlar”, Nərmin Abışova “Şəhidini və qazisini yüksək tutan millət və dövlət yenilməz!” adlı mövzularla çıxış edərək, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını ifadə ediblər və Anım Gününün gənclərə vətənə bağlılıq və qürur hissi aşıladığını vurğulayıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.