2023-cü ilin yanvarın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.
MDU-da yanvarın 5-dən cari payız semestrinin imtahan sessiyasına uğurla start verildiyini qeyd edən rektor ilk həftə ərzində imtahanların nəticələrindən və mütəşəkkiliyindən məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin “2022/2023-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrini diqqətə çatdıran Ş.Bayramov imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və xüsusi karantin rejiminin mövcud tələblərinə uyğun keçirilməsi üçün zəruri olan bütün tədbirlərin görüldüyünü vurğulayıb.
İmtahanların fevralın 1-dək əyani formada şifahi şəkildə davam edəcəyini bildirən rektor tələbə və magistrantlara müvəffəqiyyətlər arzulayıb.
Sonra görüş iştirakçılarının sual və təkliflərinə münasibət bildirilib.
Səmimi ortamda keçən görüşdə tələbələr və valideynlər imtahan sessiyasının gedişatından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 1 fevral tarixinədək hər həftə təşkil olunması nəzərdə tutulub.
Şərhlər bağlıdır.