Mingəçevir Dövlət Universitetində “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş “Qəhrəmanını tanı” adlı tədbir keçirilib
Mingəçevir Dövlət Universitetində “8 noyabr Zəfər Günü” nə həsr olunmuş “Qəhrəmanını Tanı” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir, vətən uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizi və qazilərimizi tanıdaraq, gələcək nəsillərə tanıtmağı hədəfləyib.
Tədbir ilk olaraq şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilib və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin moderatoru, Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Əzəmi Hüseynovun həyat yoldaşı , Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVIM) koordinatoru Minayə Hüseynova olub.
Mingəçevir Dövlət Universitetində keçirilən Zəfər Gününə həsr olunmuş “Qəhrəmanını Tanı” tədbirində universitetin Mexanika kafedrasının müdiri və Vətən müharibəsinin iştirakçısı Mahir İsmayılov çıxış edərək, müharibə zamanı qazandığımız zəfərin dəyərini və şəhidlərin göstərdiyi qəhrəmanlığı vurğulayıb. M. İsmayılov tələbələrə vətən sevgisinin gücündən bəhs edərək, hər bir gəncin bu dəyərlərə sahib çıxmasının əhəmiyyətini qeyd edib.
Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aslan Abbaszadə qonaqlar – qazilər və şəhid ailələri haqqında məlumat verərək, onların hər birinin milli irsimizin qorunmasında və vətənpərvərlik dəyərlərinin təbliğində əvəzsiz rolunun, tələbələrdə milli-mənəvi dəyərlərə bağlılıq hissini daha da gücləndirdiyini vurgulayıb.
Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Hikmət Qaffarov tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin və şəhidlərimizin göstərdiyi fədakarlığın əhəmiyyətini vurğulayıb. H. Qaffarov gənclərə vətənpərvərlik ruhunu qoruyaraq, gələcək nəsillərə milli dəyərləri ötürməyi tövsiyə edib.
Tədbirdə iştirak edən qazilər – Rəhimov Elşən, Şəfiyev Elşən, Rəhimov Eldəniz, Həsənov Ceyhun və Həsənov Sakit – 44 günlük Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan danışaraq, tələbələrə vətən sevgisinin dəyərini bir daha anlatdılar. Qazilər, öz hekayələrini danışaraq, müharibə dövründə yaşadıqları qəhrəmanlıq dolu anları, həmçinin döyüş şəraitində yaşadıqları çətinliklər qarşısında necə dözümlü olduqlarını gənclərlə paylaşdılar. Onlar, gələcək nəsillərə vətən sevgisinin dərinliyini və bu torpaqlara olan borcumuzu başa düşmək vacibliyini vurğuladılar.
Tədbir boyunca tələbələr maraq dolu suallar verərək, qazilərin müharibə zamanı göstərdikləri şücaət və məğlubedilməz döyüş şücaətləri haqqında daha ətraflı məlumat alıblar. Bu suallar, döyüşlərdə qazandığımız zəfərin mənəvi tərəfləri və bu zəfər uğrunda verilən qurbanların gənc nəsillərə necə bir miras olduğu mövzusunda olub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Elvin Əjdərli, gənclərə vətənpərvərlik ruhunda yetişməyin əhəmiyyətini vurğulayaraq, onların öz dövlətçiliyini sevməsi, milli dəyərlərə sahib çıxması və şəhidlərimizin əmanəti olan bu torpaqlara layiqincə xidmət etməyi əsas məqsəd bilməsi lazım olduğunu dilə gətirib. Mingəçevir Dövlət Universiteti tələbələrin milli vətənpərvərlik ruhunda yetişməsinə xüsusi önəm verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.