Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti işbirliyi çərçivəsində “Şuşa İli” nə həsr olunan konfrans keçirilib
2022-ci ilin 2 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov, AHBVU-nun prorektoru Ramazan Çağlayan və Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu universitetlər arasında əməkdaşlığın qurulmasından ötən qısa müddət ərzində həyata keçirilən çoxsaylı birgə fəaliyyətlərin qarşılıqlı faydalılığından bəhs ediblər. Qeyd edilib ki, əsasən turizm təhsilinin inkişafına hədəflənən bu işbirliyində Qarabağda turizmin inkişafı ilə bağlı ortaq elmi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb və müsbət ənənəyə çevrilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” kimi qeyd olunur və qardaş ölkələrin universitetlərinin belə əlamətdar tarixi dövrdə birgə konfrans keçirməklə yenidən bir araya gəlməsi sevindirici haldır. Açılış nitqlərində, Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafında turizmin önəmi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla bağlı bir sıra proqram və tədbirlər planının reallaşdırılması fonunda Qarabağın yeni turizm destinasiyasına çevrilməsi imkanları və perspektivlərinin dəyərləndirilməsi vacib hesab edilib və bu istiqamətdə akademik əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Konfransın təşkilatçılarına, məruzəçilərə və iştirakçılara minnətdarlıq ifadə edilib.
Sonra, konfransın proqramına uyğun olaraq, AHBVU-dan professor Bilgehan Gülcan “Turizmdə davamlılıq və Türkiyənin davamlı turizm hədəfləri” və dosent Yalçın Arslantürk “Dünyada davamlı turizm modelləri və örnəkləri”, MDU-nun akademik heyət üzvlərindən isə Aysel Qocayeva “Azərbaycanda turizmin davamlı inkişafı: strateji fəaliyyətlər və ana hədəflər” və Səadət Yusibova “Qarabağ və Şərqi Zəngəzurun davamlı turizm potensialı: mövcud reallıqlar və perspektivlər” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə turizmdə davamlılıq konsepsiyası, bu sahədə müşahidə olunan qlobal trendlər və tətbiq edilən qabaqcıl təcrübələrdən bəhs edilib. Eləcə də yeni turizm destinasiyası kimi Qarabağın mövcud potensialı nəzərdən keçirilib və perspektiv fəaliyyət istiqamətləri ilə bağlı müvafiq təkliflər irəli sürülüb.
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində keçirilən sözügedən ortaq konfrans MDU və AHBVU arasında Qarabağda turizmin inkişafına həsr olunan üçüncü elmi tədbirdir. Bundan əvvəl, 2021-ci ilin may və noyabr aylarında tərəfdaş universitetlərin birgə konfransları baş tutub.
Şərhlər bağlıdır.