2023-cü ilin aprelin 25-də Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) evsahibliyi ilə “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransa Ukraynadan Təhsil və Elm Nazirliyi, KNUTD, Erasmus+ proqramının Milli Ofisi, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu, Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi, Azərbaycandan Mingəçevir Dövlət Universiteti (MDU), İtaliyadan Floggia Universiteti, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Polşadan Lomza Beynəlxalq Tətbiqi Elmlər Akademiyası və Gürcüstandan Akaki Tsereteli Dövlət Universiteti təşkilatçılıq edib. Konfransda Ukrayna, Azərbaycan, İtaliya, Latviya, Estoniya, Polşa, Gürcüstan və Çexiyadan olan 280-dən çox akademik heyət üzvləri, doktorantlar və magistrantlar iştirak ediblər.
Konfransın açılışında KNUTD rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin prorektoru Nellija Titova və digər ölkələrdən olan tərəfdaş universitetlərin rəhbər əməkdaşları, sahə ekspertləri və beynəlxalq layihələr üzrə milli koordinatorlar çıxış ediblər. Çıxışlarda beynəlxalq konransın mövzusunun aktuallığından bəhs edilib, təhsil, tədqiqat, innovasiya və sosial fəaliyyətləri ilə universitetlərin dayanıqlı inkişafa və iqtisadi artıma töhfə baxımından rolu yüksək dəyərləndirilib, ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin, xüsusən də təhsilin beynəlmiləlləşdirilməsi, layihə fəaliyyətinin inkişafı və beynəlxalq akademik mobillilik sahəsində işlərin intensivləşdirilməsinin önəmi diqqətə çatdırılıb.
Birgə elmi tədbirin əhəmiyyətini vurğulayan MDU-nun rektoru Ş.Bayramov universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, universitetlərin Erasmus+ layihəsi çərçivəsində də tərəfdaşlıq etmələri elm, təhsil və innovasiyaların inkişafı sahəsində onların geniş əməkdaşlığına, dəstəyinə və ümumi vektorlarının olmasına dəlalət edir. Rektor konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr və uğurlar arzulayıb.
Sonra konfrans işini onlayn formatda 5 bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında davamlı inkişaf, maliyyə sabitliyi, rəqəmsallaşma, inklüziv inkişaf, sahibkarlıq və marketinq təhsili, müasir rəqabətqabiliyyətli idarəetmə, rəqəmsal təhsil texnologiyaları və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU və KNUTD arasında əməkdaşlığın əsası 2021-ci ilin oktyabrında hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.
Şərhlər bağlıdır.