2022-ci ilin 10 iyun tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının inkişafına töhfə məqsədilə regionda yerləşən ali, peşə və orta təhsil müəssisələri arasında əməkdaşlığın potensial istiqamətləri müzakirə edilib. Müzakirələrdə iştirak edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və Bərdə Peşə Liseyinin (BPL) direktoru İlham İlyasov təhsil müəssisələrinin potensialının gücləndirilməsinə, təhsil alanların və təhsil verənlərin bilik, bacarıq və səriştələrinin artırılmasına hədəflənən birgə fəaliyyətlər barəsində fikir mübadiləsi aparıb və müvafiq təkliflər qəbul ediblər.
Mərkəzi Aran Regional Təhsil İdarəsi, MDU və BPL-in birgə fəaliyyətləri çərçivəsində, ilk addım olaraq, Yevlax şəhəri 3 saylı tam orta məktəbdə IX, X və XI sinif şagirdləri üçün peşə və ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov yeniyetmə gənclərin düzgün peşə və ixtisas seçimi etməsini onların gələcəkdə uğur qazanmalarında əsaslı rola malik olduğunu qeyd edib, bu istiqamətdə məktəblilər arasında müvafiq maarifləndirmə işlərinin aparılmasının önəmini vurğulayıb və iştirakçıları məlumatlanıdırcı görüşdən fəal surətdə faydalanmağa dəvət edib.
Məktəb kollektivi ilə bir arada olmaqdan məmnunluğunu bildirən MDU-nun rektoru Şahin Bayramov tədbirin əsas məqsədinin gələcəyin peşə sahibləri və mütəxəssisləri olacaq şagirdləri müasir dövrdə tələb olunan peşə və ixtisaslar barədə düzgün məlumatlandırmaq olduğunu bildirib. Hazırda müasirləşməkdə olan MDU-da kadr hazırlığı həyata keçirilən ixtisaslar barədə məlumat verən rektor universitetdə tələbələrin hərtərəfli inkişafı məqsədilə yaradılan imkanlardan və perspektiv fəaliyyətlərdən bəhs edib. Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da təhsil almağın üstünlüklərini diqqətə çatdıran Ş.Bayramov düzgün ixtisas seçimində və karyera inkişafında universitetin gənclərə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib və şagirdlərə uğurlar arzulayıb.
Sonra, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmaz təqdimatla çıxış edib. Təqdimatda universitet və ixtisas seçimi zamanı diqqət yetirilməsi vacib olan məqamlardan danışılıb və bununla bağlı şagirdlərə müvafiq tövsiyələr verilib.
BPL haqqında tanıtım video-çarxının nümayişindən sonra peşə liseyinin direktoru İlham İlyasov çıxış edib. Gənclərin peşəkar inkişafında peşə təhsilinin önəmindən danışan İ.İlyasov hazırda peşə məktəblərinin modernləşdirilməsinin dövlətin xüsusi diqqətində olduğunu qeyd edib. Məktəblərdə peşəyönümü xidmətlərinin təşkilinin şagirdlərin uğurlu karyera inkişafı yolunda mühüm rol oynadığını vurğulayan İ.İlyasov BPL-in bu istiqamətdə fəaliyyətlərdə aktiv iştirak etdiyini bildirib. BPL-də mövcud ixtisaslar, təhsil müddəti, maddi-texniki baza və tələbələr üçün yaradılan şərait barədə məlumat verən direktor tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsinə xidmət edən gələcək layihələrdən bəhs edib.
Böyük maraqla qarşılanan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Daha sonra tədbir iştirakçıları və qonaqlar məktəbin peşə təmayüllü siniflərində olublar və dərs prosesini yaxından izləyiblər.
Birgə fəaliyyətlər çərçivəsində növbəti məlumatlandırıcı tədbir Yevlax şəhəri 2 saylı tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbərlərinin iştirakı ilə təşkil olunub.
Tədbirdə təqdimatla çıxış edən MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və fakültə dekanı müavini Nazim Niftəliyev MDU-nun başlıca missiyası və hədəfləri, əsas fəaliyyət istiqamətləri, mövcud ali təhsil proqramları, yeni yaradılan ixtisasların perspektivliyi, peşə və orta təhsil müəssisələri, yerli və xarici tərəfdaş universitetlər, sənaye və sahibkarlıq subyektləri ilə işbirliyinin və beynəlxalq proqramlarda iştirakın yaratdığı imkanlar və üstünlüklər barəsində ətraflı məlumat veriblər.
BPL-in əməkdaşlarından Hüsniyyə Məcnunova və Rafiq Alıyev peşə liseyinin tanıtımını əks etdirən təqdimatla çıxış edərək burada həyata keçirilən peşə hazırlığı istiqamətləri, müasir tələblərə uyğun yaradılan təlim-tədris və informasiya texnologiyaları infrastrukturu, tələbə və məzunlarının əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə reallaşdırılan layihələr, işəgötürənlərin peşə təhsilinin təşkilində iştirakı və digər imkanlar barədə məlumatları diqqətə çatdırıblar.
Sonra iştirakçıları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb və təqdim olunan suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan. MDU-da regionda təhsilin və kadr potensialının inkişafına hədəflənən müxtəlif formatlı əməkdaşlığa, o cümlədən peşə və orta təhsil müəssisələri ilə birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.