Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti (MDU) və İKSAD İnstitutu (Türkiyə) tərəfindən təşkil edilən “XII Beynəlxalq Avrasiya Tətbiqi Elmlər Konfransı” öz işinə başlayıb

17-18 fevral 2025- ci il tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və İKSAD İnstitutu (Türkiyə) tərəfindən təşkil edilən “XII Beynəlxalq Avrasiya Tətbiqi Elmlər Konfransı”nın plenar iclası böyük uğurla öz işinə başlayıb. Hibrid formatda keçirilən bu mötəbər elmi tədbir tətbiqi elmlərin müxtəlif sahələrində çalışan alimləri və tədqiqatçıları bir araya gətirib. İclasda əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əbədi xatirəsini bir dəqiqəlik sükutla yad olunub, ardınca iki qardaş ölkənin himni səsləndirilib.

İclasın açılış mərasimində MDU rəhbərliyi və İKSAD İnstitutunun nümayəndələri tədbirin əhəmiyyətini vurğulayıblar. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov öz nitqində elmi əməkdaşlığın və beynəlxalq platformaların inkişafının vacibliyini qeyd edib. İKSAD İnstitutunun rektoru, doktor Mustafa Latif və İKSAD-nın Azərbaycan nümayəndəsi doktor Əlvan Cəfərov da konfransın əhəmiyyətini və tətbiqi elmlər sahəsindəki töhfələrini vurğulayıblar.

Plenar iclasda “Müasir dövrdə tətbiqi elmlərin inkişafı və gələcək perspektivlər” mövzusunda MDU-nun Mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Almaz Əliyeva çıxış edib.
Konfransda təqdim edilən bütün tezislər ISBN kodu ilə konfrans materialları kitabında dərc ediləcək. Bu gələcək elmi araşdırmalar üçün dəyərli bir mənbə olacaq.
İclasın sonunda iştirakçılar tədbirin yüksək səviyyədə təşkil edildiyini qeyd edərək, belə elmi platformaların davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar. Mingəçevir Dövlət Universiteti və İKSAD İnstitutu gələcəkdə daha geniş elmi əməkdaşlıqlar həyata keçirməyi planlaşdırır.

Bu cür tədbirlər beynəlxalq elmi əməkdaşlığı gücləndirmək, yeni bilik və təcrübələrin mübadiləsini təmin etmək məqsədilə mühüm addım olaraq qalır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.