2023-cü ilin aprelin 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) adlı Erasmus+ qrant layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (Ukrayna) rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin (Latviya) prorektoru Nellija Titova, Floggia Universitetinin (İtaliya) Beynəlxalq ofisinin rəhbəri və layihə koordinatoru Giulio Esposito, layihə meneceri Oleksandra Olşanska, Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov və digər iştirakçı ölkələrin Erasmus+ ofislərinin rəhbərləri çıxış ediblər. Çıxışlarda layihənin ali təhsil və cəmiyyət üçün önəmindən, təqdim etdiyi imkanlardan və gözləntilərdən bəhs edilib.
Bildirilib ki, 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Floggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer almışdır.
Tərəfdaş universitet qismində layihədə təmsil olunmaqdan məmnunluğunu ifadə edən MDU-nun rektoru Ş.Bayramov belə bir vacib layihənin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib. Gənclərin sürətlə dəyişən qlobal, regional və milli əmək bazarlarının tələblərinə uyğun səviyyədə potensiallarının inkişaf etdirilməsinin prioritet vəzifələrdən olduğunu diqqətə çatdıran rektor bu baxımdan sözügedən Erasmus+ layihəsinin üstünlüklərindən və başlıca hədəflərindən danışıb. Diqqətə çatdırıb ki, VEHUB4YOU layihəsi təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, biznes düşüncə tərzinin inkişaf etdirilməsi, universitet-sənaye əməkdaşlığının və innovasiyaların təşviq edilməsində əhəmiyyətli rol oynayacaqdır. Layihənin icrasına MDU-nun əməkdaş, tələbə və məzunları ilə yanaşı, Mingəçevir şəhərinin ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, yerli biznes nümayəndələri və maraqlanan bütün gənclərin fəal cəlb olunacağını vurğulayan Ş.Bayramov bütün iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. VEHUB4YOU layihə konsorsiumunun üzvləri Ukrayna və Azərbaycanda məktəblər, universitetlər və kənd kitabxanalarında 70 virtual beynəlxalq biznes hablarının daxil olduğu Virtual Gənclər Biznes Hubları Beynəlxalq Şəbəkəsinin təşkilinə və orta məktəb şagirdləri, kollec və universitet tələbələri üçün biznes fəaliyyətinin öyrədilməsinə ümumi səylər göstərəcəklər.
Avropa universitetləri Ukrayna və Azərbaycandakı universitetlərin və gənclər təşkilatlarının köməyi ilə öz biznes kurslarını və müəllimlərin təcrübələrini Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri ilə bölüşəcəklər. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər fondu hazırlayacaqlar. Bundan əlavə, yerli tələblər nəzərə alınmaqla hab rəhbərləri və fasilitatorlar üçün təlim proqramı dərc olunacaq.
VEHUB4YOU layihəsinin müasir Avropa təhsilinə çıxışı təmin etməklə biznes təhsilinin keyfiyyətini artıracağı və biznes bacarıqlarını inkişaf etdirəcəyi gözlənilir. Eləcə də, məktəb, kollec və universitetlərin təhsil proqramlarının virtual öyrənmənin yeni tendensiyalarına uyğun modernləşdirilməsi və virtual təhsilin effektivliyinin artırılması nəzərdə tutulur.
Şərhlər bağlıdır.