Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

11

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz Bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər Təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərini və qonaqları təbrik edib, onlara xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirən rektor bu il Novruz tonqallarının  bütün ölkə ərazisində qalanmasının xalqımıza xüsusi bir sevinc və sonsuz  qürur hissləri yaşatdığını vurğulayıb. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhval-ruhiyyədə və ərazi bütövlüyü şəraitində qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu vurğulayan rektor şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Ş.Bayramov dəvəti qəbul edərək tədbirdə iştirak etdikləri üçün şəhid ailələrinin üzvlərinə minnətdarlığını ifadə edərək bir daha onlara dərin hörmət və ehtiramını çatdırıb.

Tədbirdə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, fəlsəfə doktoru Səadət Ağakişiyeva Novruz bayramının tarixi haqqında danışıb, bu milli bayramın əsas xüsusiyyətləri, adət və ənənələri barədə maraqlı məlumat verib.

Daha sonra bayram tonqalı qalanıb. Konsert proqramı ilə davam edən bayram tədbiri Novruz personajlarının iştirakı, istedadlı tələbələrin bayram əhval-ruhiyyəli musiqi nömrələri ilə davam edib. MDU ailəsi Novruzun rəmzi olan bayram tonqalının ətrafında “Yallı” gedərək, birlik nümayiş etdiriblər. Zövqlə bəzədilmiş bayram süfrələri arxasında xatirə şəkilləri çəkdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.