Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

312

2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.

Cari yaz semestrinin imtahan sessiyasının növbəti həftəsinin müvəffəqiyyətlə başa çatdığını qeyd edən rektor Ş.Bayramov tələbə və magistrantların imtahan nəticələrinin qənaətbəxş olduğunu diqqətə çatdırıb.

İmtahanları müşahidə edən valideynlər və şəhər ictimaiyyəti nümayəndələrindən müsbət rəylərin daxil olmasından məmnunluğunu ifadə edən rektor imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib.

Səmimi ortamda keçən görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.

Qeyd edək ki, cari imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinin iyulun 5-dək hər həftə təşkil olunması nəzərdə tutulub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.