Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

11

2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” tədbiri keçirilib. Universitetin həyətində təşkil olunan təntənəli tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri ilə yanaşı, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə universitetin bütün kollektiv üzvlərini, tələbə və magistranatları təbrik edib. 2023/2024-cü tədris ilində MDU-nun tələbəsi adını qazanan birinci kursları, onların valideyn və müəllimlərini təbrik edən rektor bu ali təhsil müəssisəsini seçdikləri üçün universitet kollektivi adından onlara təşəkkürünü çatdırıb.

Paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətlərinin göstərilməsi və yeni dövrün universitetinə çevrilməyin başlıca strateji hədəflərdən olduğunu bildirən  Ş.Bayramov MDU-da son dövrdə müasirləşmə yolunda əldə edilən mühüm nailiyyətlərdən, tələbəyönümlü təhsil mühitinin təmin edilməsi istiqamətində atılan başlıca addımlardan, təhsil alanların və təhsil verənlərin potensialının inkişafı istiqamətində yaradılan çoxşaxəli imkanlardan bəhs edib. Cari tədris ilində MDU-ya qəbul olanların sayında yüksək nəticələr əldə edilməsindən söhbət açan rektor kəmiyyət göstəricilərində əldə edilən bütün uğurların arxasında keyfiyyət baxımından daim özünü təkmilləşdirməkdə olan MDU ailəsinin hər bir üzvünün əməyinin və təcrübəsinin dayandığını vurğulayıb.

“Heydər Əliyev İli”ndə qeyd olunan hazırki “Bilik Günü”nün xüsusi əlamətdarlıq kəsb etdiyini diqqətə çatdıran Ş.Bayramov əsası Ümummilli Liderimiz tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ictimai həyatın bütün sahələrində olduğu kimi, ali təhsilin inkişafına da yüksək dövlət qayğısı göstərildiyini bildirib. Qeyd edib ki, universitetdə ilk dərsin müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevə həsr olunması MDU-da Ulu Öndərimizin zəngin irsinin öyrənilməsinə və təbliğinə sadiqliyin bariz nümunələrindəndir.

Cari tədris ilində MDU-da 5 şəhid övladının təhsil alacağını qeyd edən rektor tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetin əsas missiyalarından, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın, o cümlədən MDU-nun şəhid məzunlarının əziz xatirələrinin hər zaman uca tutulmasının şərəfli vəzifələrdən olduğunu vurğulayıb.

Universitet kollektivini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini səsləndirərək təhsilin cəmiyyətdə əvəzsiz rolundan bəhs edib. Şəhər icra başçısı son dövrlərdə dövlətin təhsilə və gənclərin hərtərəfli inkişafına yüksək qayğısı sayəsində əldə edilən uğurları ölkəmizin parlaq gələcəyinə və davamlı tərəqqisinə əhəmiyyətli töhfə kimi dəyərləndirib. Hazırda şəhərin və regionun yeganə ali təhsil müəsisəsi olan MDU-nun sürətli müasirləşmə dövrünü yaşadığını qeyd edən İ.İsmayılov dinamik inkişaf edən milli və regional iqtisadiyyat üçün yüksək ixtisaslı mütəxəssis hazırlığında universitetin rolunun gücləndiyini və məzunlarının şəhərin sosial-iqtisadi inkişafına töhfələr verdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə universitet rəhbərliyini, professor-müəllim və tələbə heyətini təbrik edərək MDU-nun milli ali təhsil məkanında mövqeyinin güclənməsindən və Mingəçevir şəhərinin ictimai həyatı üçün əhəmiyyətindən danışıb. Hazırda universitetin növbəti mərhələdə inkişafı üçün yeni imkanların yarandığını vurğulayıb. Birinci kurs tələbələrinə müraciət edən A.Mirzəzadə onların MDU-nu seçməklə təhsil həyatları üçün ən uğurlu addım atdıqlarını qeyd edib, cəmiyyətimiz üçün faydalı mütəxəssis kimi yetişmələri məqsədilə universitetdə mövcud olan potensialdan maksimum faydalanmağı tövsiyə edib.

Şəhid ailəsi üzvlərinin adından çıxış edən şəhid  Yasən Əhmədovun həyat yoldaşı Aygün Əhmədova MDU-da şəhidlərin əziz xatirəsinin daim yad edilməsindən, şəhid məzunların və övladları bu ali təhsil müəssisəsində təhsil alan şəhidlərin ailə üzvlərinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib. Hər iki övladının MDU-da təhsil aldığını diqqətə çatdıran A.Əhmədova tələbələrin ixtisaslı kadr kimi yetişdirilməsi üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu bildirərək onlara uğurlar arzulayıb.

Sonra MDU üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında ən yüksək (648 bal) bal toplayan Şəmsiyyə Mustafayeva, magistraturaya qəbulda ən yüksək (91 bal) nəticə göstərən Məleykə Əhmədova və şəhid Niyazi İsgəndərovun övladı Ömər İsgəndərov çıxış edərək tələbə həmkarlarına uğurlar arzulayıb, onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə və müəllimlərinə təşəkkürlərini bildiriblər. Adı çəkilən tələbələrə xatirə hədiyyələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə tələbə və magistrantların ifasında müxtəlif şeirlər səsləndirilib və musiqilər ifa edilib.

MDU-da böyük təntənə ilə qeyd edilən “Bilik Günü” tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.