2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunan “Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhramanlıq tarixi” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.
Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova ölkəmizə qarşı erməni işğalçılığına və təxribatlarına cavab olaraq 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsini Azərbaycanın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Tarixi Zəfər yürüşündə şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın daim dərin ehtiram və minnətdarlıq hissi ilə yad edildiyini bildirən E.Cəfərova onların əziz xatirəsinin heç zaman unudulmayacağını qeyd edib. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsindən, tarixi həqiqətlərin və qəhrəmanlarımızın göstərdikləri misilsiz şücaətlərin gənclərə ötürülməsindən bəhs edən E.Cəfərova mühazirənin önəmini diqqətə çatdırıb.
Sonra, Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova məruzə ilə çıxış edib. Məruzədə tarixboyu ermənilərin ölkəmizə qarşı əsassız torpaq iddiaları və təcavüzkarlıq siyasətlərindən bəhs edilib, erməni terrorçuluğu və vandalizminin faciəvi nəticələri, maddi və mənəvi zərərləri barədə məlumat verilib. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə Azərbaycanın artan beynəlxalq nüfuzundan söhbət açan məruzəçi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə gedən yolda görülən çoxşaxəli, ardıcıl və sistemli işlərdən, ordu quruculuğu sahəsində, siyasi və diplomatik arenada atılan müstəsna əhəmiyyətli addımlardan danışıb. Qeyd edilib ki, məhz ölkə başçımızın uzaqgörən və qətiyyətli siyasəti, Azərbaycanın cəsur əsgər və zabitlərinin misilsiz şücaəti, xalqımızın sarsılmaz birliyi sayəsində qısa müddət ərzində doğma torpaqlarımız mənfur düşmənlərdən azad edilib və ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Tələbə və müəllim kolektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” təsdiq edilib və reallaşdırılır. Sözügedən mühazirə də bu çərçivədə təşkil olunub.
Şərhlər bağlıdır.