Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti Çində beynəlxalq forumda təmsil olunub

15

2023-cü ilin aprelin 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road – UAB&R) Forumunda iştirak edib. Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamentinin birgə təşkilatçılığı ilə keçirilən Foruma 14 ölkədən 60-a yaxın ali təhsil müəssisəsinin rəhbərləri qatılıb.

Forumda post-pandemiya dövründə universitetlərin dayanıqlı inkişafı və beynəlxalq əməkdaşlığı, qlobal iqlim dəyişikliyi və ətraf mühitin qorunması, qloballaşma kontekstində universitetlər üçün çağırışlar və innovasiyalar, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ekosistem müxtəlifliyi və digər məsələlər barədə məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.

Ş.Bayramov Forumda “Davamlı inkişafda universitetlərin rolu: qlobal perspektivlər və əsas çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dayanıqlı inkişaf əsaslı universitet modelinə transformasiyanın zəruriliyi və konseptual mahiyyəti diqqətə çatdırılıb, dayanıqlı inkişaf məqsədləri kontekstində universitetlər qarşısında duran başlıca vəzifələrdən bəhs edilib və MDU-nun müvafiq təcrübəsi paylaşılıb. Rektor əməkdaşlığa və dəstəyə görə Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinə (LUFE) təşəkkürünü bildirib və Forumun işinə uğurlar arzulayıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da geniş coğrafiyaya, böyük elmi və akademik potensiala sahib və dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən UAB&R ilə əməkdaşlığa xüsusi önəm verilir. MDU 2020-ci ildən UAB&R-ın konfranslarında təmsil olunur və 2021-ci ilin 10 dekabr tarixində keçirilən konfrans çərçivəsində Əməkdaşlıq Memorandumunun imzalanması ilə Alyansa üzv qəbul edilib. Alyans çərçivəsində kadr hazırlığı, elmi tədqiqat, yeni fənlərin yaradılması, akademik mübadilə, bilik və texnologiyaların mübadiləsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Şərhlər bağlıdır.