Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti Ankarada beynəlxalq konfransa tərəfdaşlıq edib

2024-cü il mayın 16-da Mingəçəvir Dövlət  Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə Ankarada 5-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransının (5th International Travel and Tourism Dynamics – ITTD 2024) işinə start verilib.

AHBVU-nun ev sahibliyi ilə keçirilən və 3 gün davam edəcək konfransın əsas mövzusu “Turizm sahibkarlığında innovativ yanaşmalar” olub.

Konfransda Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrindən turizm ixtisası üzrə kadr hazırliğı həyata keçirən universitetlərin akademik və inzibati heyət üzvləri təmsil olunublar.

Konfransın açılışına AHBVU-dan prorektorlar Kürşat Göktürk və Metin Orbay, Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu, MDU-dan rektorun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universiteti  və AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Güçer, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa və Ankaranın Gölbaşı kaymakamı (icra başçısı) Erol Rüstemoğlu qatılıblar.

Açılış mərasimində konfransın mövzusunun əhəmiyyətindən və aktuallığından bəhs olunaraq beynəlxalq səviyyəli elmi tədbirin təşkilində əməyi olanlara minnətdarlıq ifadə edilib.

Diqqətə çatdırılıb ki, konfrans çərçivəsində 7 təqdimat və 17 bölmə iclası keçiriləcək. Üzbəüz və onlayn formatda təşkil olunacaq  bölmə iclaslarında 100-dən artıq məruzələr təqdim ediləcək.

Konfrans Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafanın beynəlxalq elmi tədbirin əsas mövzusu barədə təqdimatı ilə davam edib.

Sonra, konfrans çərçivəsində MDU-nun xüsusi sessiyası təşkil olunub. Sessiyada cari tədris ilində MDU ilə işbirliyinə töhfə vermiş AHBVU-nun akademik və inzibati heyət üzvləri  mükafatlandırılıb. MDU-da ustad dərslərin təşkilində, kitabxana fondunun zənginləşdirilməsində əməyi və dəstəyi olan AHBVU-nun əməkdaşları MDU rektorunun təşəkkürnamələri ilə təltif olunublar.

Daha sonra, MDU-nun qonaq professorları Evren Güçer və Cemal Yılmazın iştirakı ilə müasir texnologiyaların turizmin inkişafına təsiri perspektivləri mövzusunda panel müzakirə təşkil olunub.

Panel müzakirədən sonra bölmə iclaslarına başlanılıb. Bölmə iclaslarında MDU-nun 20-dən çox professor-müəllim heyəti üzvü fəal təmsil olunub. MDU əməkdaşları 4 bölmə iclasına moderatorluq edib və 24 məruzə ilə çıxıs ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da turizm təhsilinin məzmununun təkmilləşdirilməsi məqsədilə AHBVU ilə əməkdaşlığa xüsusi önəm verilir. İşbirliyi çərçivəsində çoxlu sayda ortaq konfranslar, seminarlar, ustad dərsləri təşkil olunub, eləcə də AHBVU Turizm fakültəsindən bir professor MDU-da bir tədris ili müddətinə akademik fəaliyyətə cəlb olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.