Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa: Ümummilli Lider müasir Azərbaycanın qurucusudur

2023-cü il sentyabrın 28-də Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun evsahibliyi etdiyi tədbirdə ADU-dan Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Elm şöbəsinin müdiri Sevda İmanova, eləcə də hər iki universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Tədbirin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın xilaskarı və qurucusu olan Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edib, gənc nəslin Heydər Əliyev ideyalarına sadiq, xalqa, dövlətə və dövlətçiliyə bağlı ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan dəyirmi masanın önəmini diqqətə çatdıran Ş.Bayramiov birgə əməkdaşlığın inkişafına olan dəstəyinə görə ADU rəhbərliyinə və tədbirin ərsəyə gəlməsində əməyi olan hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.

ADU-dan qatılan rəhbər heyət üzvləri təmsil etdikləri universitetdə “Heydər Əliyev İli” çərçivəsində silsiləvi tədbirlərin keçirildiyini diqqətə çatdıraraq, növbəti tədbirin Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində fəallığı ilə seçilən ali təhsil müəssisələrindən olan MDU-da birgə təşkil edilməsindən məmnunluqlarını ifadə ediblər.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

ADU-nun doktorantları olan MDU əməkdaşlarından Lalə Rüstəmova “Heydər Əliyev və dövlət təhsil siyasəti”, Fəxriyyə İsayeva “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf”, Gülnarə Qurbanova “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin tarixi xidmətləri”, ADU-nun magistrantı Fidan Kərimli “Heydər Əliyev gəncliyin gözü ilə” və MDU-nun magistrantı Xədicə Abdullayeva “Heydər Əliyev irsindən güc alan tarixi Zəfərimiz” mövzusunda məruzələrlə çıxış ediblər.

Böyük maraqla qarşılanan məruzələrdən sonra universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılıb və təkliflər dinlənilib.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

        

Şərhlər bağlıdır.