Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqə-festivalın yekun konsertində təmsil olunub

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində Mingəçevir Dövlət Universiteti (MDU) də təmsil olunub.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.

Sonra konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib. Ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsinin qatıldığı bədii yaradıcılıq müsabiqə-festivalında MDU-nu Təhsil fakültəsinin tələbələrindən Səkinə Adıgözəlzadə və Türkan Qaffarova təmsil edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

 

Şərhlər bağlıdır.