Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU turizm təhsili sahəsində Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq edəcək

27

2023-cü ilin fevralın 4-də Türkiyənin Selçuk Universitetinin Beyşehir Ali Akkanat Turizm Fakültəsinin dekanı, professor Abdullah Karaman Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyət üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşə MDU rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

Dəvəti qəbul edib kollektiv üzvləri ilə görüşdə iştirak etdiyi üçün qonağa təşəkkürünü bildirən H.Mahmudov MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Sonra, təqdimatla çıxış edən rektorun müşaviri yeni dövrün universitetinə çevrilmək yolunda MDU-da həyata keçirilən tədbirlər, strateji hədəflər və tərəfdaş xarici universitetlərlə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Turizm təhsilinin inkişaf etdirilməsinin MDU-da prioritet vəzifələrdən olduğunu diqqətə çatdıran moderator bu istiqamətdə  mövcud ehtiyaclardan danışıb və nüfuzlu beynəlxalq reytinqlərdə əlverişli mövqelərə sahib Selçuk Universiteti ilə əməkdaşlığın yaradılmasının faydalı olacağına əminliyini ifadə edib.

MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu bildirən professor A.Karaman təmsil etdiyi Selçuk Universitetinin rektoru, professor Metin Aksoyun salamlarını çatdırıb. Turizm fakültəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılan imkanlardan danışan A.Karaman universitetdə elm və tədris fəaliyyətlərinin səmərəliliyinin artırılması, tələbələrin və əməkdaşların hərtərəfli inkişafı məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qardaş ölkənin ali təhsil müəssisələri ilə işbirliyinə daim açıq olduqlarını bildirən A.Karaman zəngin turizm potensialına malik Mingəçevir şəhərində yerləşən MDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib. Turizm təhsilinin potensialının gücləndirilməsi istiqamətində müvafiq təklif və tövsiyələrini diqqətə çatdıran Selçuk Universitetinin dekanı bu məqsədlə reallaşdırılacaq birgə fəaliyyətlərin mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra, görüşdə çıxış edən MDU-nun İqtsadiyyat və idarəetmə fakültəsinin rəhbər heyəti,  o cümlədən turizm ixtisasları üzrə fənnlərin tədrisini həyata keçirən akademik heyət üzvləri universitetdə turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi baxımından Selçuk Universitetinin Turizm fakültəsi ilə əməkdaşlığın imkanlarını yüksək dəyərləndiriblər və müvafiq təkliflər irəli sürüblər.

Müzakirələrlə davam edən görüşlərdə 2023-cü ilin Tükiyə Cümhuriyyətinin 100-cü ildönümü, “Heydər Əliyev İli”, “Mevlana İli”, Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsi və digər önəməli hadisələr ilə əlamətdar olduğu vurğulanıb və bu çərçivədə keçiriləcək birgə tədbirlərin məzmunu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin modernləşdirilməsi, akademik və elmi potensialının gücləndirilməsi məqsədilə qardaş Türkiyənin universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.