Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU tələbələri üçün “COP29” ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Yaşıl könüllülər” dərnəyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “COP29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” adlı görüş keçirilib.

Hibrid formada keçirilən görüşdə MDU-nun əməkdaşları, hər iki ali təhsil müəssisəsinin tələbə və magistrantları, həmçinin “Bir Könüllü Tələbə Təşkilatının  “Ekologiya” klubunun üzvləri və TGT-nin “Yaşıl könüllü”ləri iştirak edib.

Giriş sözü ilə çıxış edən MDU TGT-nin baş katibi Nihat Xəlilov 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən danışıb və bildirib ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir.

MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova çıxış edərək, COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirib. O, greencampus.mdu.edu.az adlı saytın təsis edilməsindən bəhs edib və MDU-nun “Yaşıl Dünya Naminə Həmrəylik ili”nə xüsusi yanaşmasına diqqət çəkib. Bildirib ki, MDU-da bu istiqamətdə müxtəlif tədbirlər görülür.

“Yaşıl könüllülər” dərnəyinin sədri Fidan Həşimova tədbirin maarifləndirici əhəmiyyətini vurğulayıb. O, bu işdə onlara dəstək olan hər kəsə, xüsusən də MDU-nun rektor Şahin Bayramova və ATMU-nun rektoru İlham Mədətova dərnək üzvləri adından minnətdarlığını bildirib.

Sonra MDU tələbələridən Fidan Həşimova “Yaşıl texnologiya”, Zeynəb İsmayılova “COP29 nədir?”, Əfsanə Babayeva “Alternativ enerji mənbələri” və Arzu Hüseynova “Qlobal ekoloji problemlər” adlı mövzularla çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra tələbələr qonaqlarla birgə müzakirələr aparıb, yeni ideya və təkliflər irəli sürüblər. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər həyata keçirilir.

Şərhlər bağlıdır.