MDU-nun iqtisadçı mütəxəssisləri vergi sahəsində aparılan son islahat və dəyişikləri müzakirə etdilər
Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat kaferdasının təşkilati dəstəyi ilə “Milli iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə də ölkədə struktur və institusional islahatların sürətləndirilməsi, fəal fiskal siyasətin həyata keçirilməsi, əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması və sənayenin artım sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib. Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və prioritetlər öz əksini tapıb. Bu hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər.
Akif Hacıyev bildirib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən vergi Məcəlləsində ciddi dəyişikliklər aparılmışdır. Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Məhz bu günkü seminarın keçirilməsində məqsəd yuxarıda qeyd olunan məsələlərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, iqtisadi sahədə tədrislə məşğul olan professor-müəllim heyəti arasında müzakirə edilməsi və tələbə və magistrantlara aşılanması durur.
Sonra “İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyev “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət” mövzusunda çıxış edib. Qeyd edib ki, Azərbaycan Respubliкası Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və оnların nümayəndələri, habelə vergi оrqanlarının vəzifəli şəхsləri vergi qanunvericiliyinin pоzulmasına görə Vergi Məcəlləsi, İnzibati Хətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.
N.Niftəliyev yeni dəyişikliklə əlaqədar vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları barədə ətraflı məlumat verib. Bildirib ki, özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması;
– Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiqolunan maliyyə sanksiyalarının artırılması (təqvim ilində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində);
– Malların sənədsiz (e-qaimə və ya e-VHF verilmədən) satılmasına görə satıcıya sanksiyalarının tətbiqi (belə hala birinci dəfə yol verdikdə 10%, ikinci dəfə yol verdikdə 20%, üç və daha çox dəfə yol verdikdə 40% məbləğində);
– Sığortalanmış əsas vəsaitlər barədə sığortaçılardan məlumatların alınması;
– Dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi və s.
Məsələyə “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov, Mehriban Kərimova, Ələsvər Musayev, kafedra müdiri, dosent Cəmilə Musayeva münasibət bildirdilər. Fikir mübadiləsi apardılar.
Sonra “İqtisadiyyat” kafedrasının müəllimi Vüqar Məmmədli “Vergi yükünün səviyyəsinin optimallaşdırılması” mövzusunda çıxış edib. Bildirib ki, vergi qanunvericiliyində edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onlara göstərilən xidmətlərin səviyyəsinin artırılması ilə yanaşı, vergi yükünün azaldılmasını da nəzərdə tutur. Bu da təbiidir, çünki ölkəmizdə həyata keçirilən dövlət vergi siyasətinin əsas hədəflərindən biri vergi yükünün optimallaşdırılması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir. Vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcələri tam və ya qismən azaldılmış, bir sıra vergi güzəştləri tətbiq olunmuşdur ki, bu da vergi ödəyiciləri üçün əlverişli vergi mühitinin yaranmasına şərait yaratmışdır.
Vergi ödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü hesab olunur və bu göstəricinin səviyyəsi vergi ödəyicisinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir.
V.Məmmədli yeni dəyişikliklə əlaqədar vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsindən danışıb. Qeyd edib ki, vergi güzəştləri tətbiq olunan şəxslərə vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə maliyyə sanksiyaları tətbiq ediləcəki; İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə güzəşt edilmiş vergilərin yenidən hesablanacaq; 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının satışı zamanı əldə olunan gəlirlərin 50 faizi vergidən azad ediləcək; Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edən şəxsə (investora) ödənilmiş əmlak vergisinin bir hissəsi müəyyən şərtlər daxilində qaytarılacaq.
V.Məmmədli həmçinin Kiçik və Orta Biznes (KOB) subyektləri və KOB klaster subyektlərinə verilən imtiyazlardan danışdıı. Belə ki, KOB klaster iştirakçısı – əldə edilən mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinin 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir; KOB klaster şirkətinin mənfəəti, əmlakı, torpağı 7 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilir; “Startap” şəhadətnaməsi əldə etmiş şəxslər 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir.
Sonra seminarın mövzusuna uyğun geniş müzakirələr aparıldı. “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov, i.f.d. Ruhiyyə Hüseynova, “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev, Günəş Şəfaqətov, Mehriban Kərimova, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva, fakültə dekanı, dosent Nüşabə Qədimli, “Maliyyə” ixtisası üzrə təhsil alan, III kurs tələbəsi Mübarək Aydəmirov müzakirədə yaxından iştirak etdilər, təkliflərini irəli sürdülər. Tövsiyyə olundu ki, seminardan alınan nəticələr tədris proqramına, o, cümlədən mühazirələrə, tədqiqat işlərinə əlavə edilsin.
Sonda çıxış edən rektor Akif Hacıyev müzakirələrdən razı qaldığını və təklifləri bir daha təhli və müzakirə edərək Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarova göndərilməsini təklif etdi.
Şərhlər bağlıdır.