MDU Mingəçevir məktəblilərinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində iştirakını dəstəkləyir
2023-cü ilin fevralın 10-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və digər müvafiq qurumların təşkilatçılıq etdiyi “Sabahın alimləri” XII Respublika Müsabiqəsində iştirak edəcək Mingəçevir məktəbliləri ilə görüş keçirilib. MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun birgə təşəbbüsü əsasında baş tutan görüşdə universitetin və şəhər orta məktəblərinin bir qrup müəllimi də iştirak edib.
“Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə çıxmaları münasibətilə şagirdləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov görüşün məktəblilərdə motivasiyanı daha da yüksəltmək, şəhər təhsil ictimaiyyətinin istedadlı gənclərə davamlı dəstəyini hiss etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Şagirdlərin istedadının və yaradıcılıq potensialının üzə çıxarılması və inkişafı baxımından müsabiqənin önəmindən söhbət açan rektor məktəb illərindən elmi və yaradıcılıq fəaliyyətlərinə aktiv cəlb olunmağın üstünlüklərindən danışıb və məktəblilərə uğurlar arzulayıb.
Milli təhsil sistemində Mingəçevir məktəblərinin özünəməxsus yerinin olduğunu qeyd edən şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova ötən illərdə olduğu kimi bu müsabiqədə də mingəçevirli şagirdlərin layiqincə təmsil olunacaqlarına inandığını bildirib.
Məktəblilərin müsabiqəyə hazırlanmasında onların müəllimlərinin və MDU alimlərinin əhəmiyyətli rolundan danışan S.Həsənova universitet-məktəb əlaqələrinin inkişaf etdirilməsinin önəmini vurğulayıb və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Sonra, müsabiqəyə təqdim etdikləri innovativ layihələr barədə ətraflı məlumat verən məktəblilər diqqət və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Maraqla qarşılanan layihələr barədə fikir mübadiləsi aparılıb və müsabiqədə uğurlu iştirakla bağlı müvafiq tövsiyələr diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasına hədəflənmişdir. Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək. Regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələri ilə işbirliyinə xüsusi önəm verən MDU-da bu istiqamətdə də şəhər məktəblilərinə müvafiq dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.