Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

34

2023-cü ilin noyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin əməkdaşları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) olub.

Ziyarət çərçivəsində MDU heyəti İRİA-nın sədr əvəzi İnarə Vəliyeva ilə görüşüb və Agentliyin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşdə qonaqları salamlayan İ.Vəliyeva rəhbərlik etdiyi Agentlik tərəfindən ölkə miqyasında, o cümlədən regionlarda həyata keçirilən layihələrdən və tədbirlərdən bəhs edib. Regionlarda innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan İ.Vəliyeva bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb və MDU ilə işbirliyinin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən rektor Ş.Bayramov MDU-nun strateji hədəfləri barədə məlumat verib. Yeni dövrün universitetinə çevrilməyin başlıca hədəflərdən olduğunu qeyd edən Ş.Bayramov bu məqsədlə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən innovativ yanaşmalara MDU-nun açıqlığını, region ekosisteminin hərtərəfli inkişafına davamlı töhfə verilməsinin fəaliyyət prioritetlərindən olduğunu bildirib. Bu kontekstdə İRİA ilə əməkdaşlığın üstünlüklərindən bəhs edən rektor birgə fəaliyyətlərin nəticəyönümlülüyünə və məhsuldarlığına inandığını bildirib.

Sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. MDU tələbələri və əməkdaşlarının startap fəaliyyətlərinə dəstək göstərilməsi, tələbə gənclərin Agentliyin müvafiq layihələrində daha fəal təmsil olunması, MDU-nun innovasiya potensialının inkişaf etdirilməsi və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, növbəti mərhələdə atılacaq addımlara dair ilkin razılıq əldə edilib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da innovasiya və sahibkarlıq yönümlü təhsil mühitinin yaradılması diqqət mərkəzində saxlanılır və bu məqsədlə tərəfdaşlıqlara xüsusi önəm verilir.

Şərhlər bağlıdır.